AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, türkoloq alim, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin çox cildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” monoqrafiyasının II cildi “Elm və təhsil” nəşriyyatında yenidən nəşr olunub. Kitabın İlk nəşri eyni nəşriyyatda 2014-cü ildə işıq üzü görüb. Kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, prof. Əli Abasov və fəlsəfə elmləri doktoru, prof. Əlikram Tağıyevdir.
Müəllif monoqrafiyanın II cildində, ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili xətti: 1. İslam-Türk mədəniyyəti və ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; 2. Rus- Avropa-Qərb mədəniyyəti və ideologiyası: qərbpərəstlik, avropasayağı «mollanəsrəddinçilik », milli bolşevizm-sosializm, sovet azərbaycançılığı müəyyənləşdirmişdir. Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə və günümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, əsərdə müəllifin Azərbaycan Milli İdeyası və Azərbaycan Milli İdeologiyasına tamamilə yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapmışdır. Özəlliklə, milli ideyaların çağdaş dövrdə nə dərəcədə akutallığı məsələsi araşdırılmış, yeni fikirlər irəli sürülmüşdür. Eyni zamanda, monoqrafiyada milli şüur məsələsi, milli şüurun dini dəyərlər və vətəndaş cəmiyyəti ilə oxşar və fərqli cəhətləri ilk dəfə tədqiqata cəlb edilmişdir.
Monoqrafiyadan fəlsəfə, tarix, politologiya, ədəbiyyat, dilçilik, etnoqrafiya, kulturologiya və başqa elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəssislərin – bakalavrların, magistrlərin, doktrantların, elmi işçilərin, müəllimlərin, eyni zamanda geniş oxucu kütləsinin faydalanması nəzərdə tutulur.

