Ana Vətən Partiyasının (AVP) növbədənkənar qurultayı siyasi deyil, həm də hüquqi mübahisəyə çevrilib. Qurultaydan yayılan görüntülərdə nümayəndələrin bir qismi Fəzail Ağamalının oğlu Elçin Ağamalını yeni sədr elan etsə də, partiyanın 35 illik veteran lideri nəticələri tanımayıb. İddia edilir ki, növbədənkənar qurultay təxirə salınıb və Elçin Ağamalının özünü sədr elan etməsi qanuna uyğun deyil. Digər bir yanaşmaya görə, partiya nizamnaməsində göstərilən qaydalara əməl olunub-olunmaması müəyyən edilmədən qurultayın nəticələri qanuni hesab oluna bilməz.
Bəs qanun nə deyir, qurultay baş tutmuş sayıla bilərmi?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, qanunvericiliyə əsasən, əgər partiyanın qurultayı keçirilibsə, onun nəticələri ilə bağlı müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim olunmalıdır:
“Hər iki tərəf, yəni müxtəlif qruplar Ədliyyə Nazirliyinə müraciət etdiyi halda, qurumun faktiki olaraq qurultayın nəticələrini tanımaması mümkündür. Bu halda sədrliyi iddia edən şəxs, məsələn, Elçin Ağamalı, nazirliyin qərarından narazı qalarsa, məhkəməyə müraciət edə bilər. Qanunvericiliyə görə, belə hallar birbaşa Apellyasiya Məhkəməsində araşdırılır. Çünki bu, inzibati xarakterli siyasi məsələ sayılır”.

Mehman Muradlı
Vəkil bildirib ki, qurultayın nəticələrindən narazı qalan digər tərəf də məhkəməyə müraciət etmək hüququna malikdir:
“AVP-nin sədrliyinə dair yekun qərar Ədliyyə Nazirliyinin mövqeyi və məhkəmənin qərarından asılı olacaq. Bu da yaxın zamanlarda yəqin ki, müəyyən ediləcək”.