Son həftələrdə dünya neft bazarında qiymətlərin kəskin dalğalanması müşahidə olunur.
“Brent” markalı neftin qiyməti hazırda təxminən 61 dollar, “Azeri Light” markalı Azərbaycan nefti isə dövlət büdcəsində nəzərdə tutulan qiymətdən təqribən 7-8 dollar ucuz satılır. Ekspertlər bildirirlər ki, bu vəziyyət həm geosiyasi proseslərlə, həm də qlobal iqtisadi meyllərlə bağlıdır.
Siyasi sabitlik riskləri azaldır
Bazarın əsas sabitləşdirici amili kimi İsrail və HƏMAS arasında ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə əldə olunan atəşkəs göstərilir. Bu razılaşma Yaxın Şərqdəki gərginliyi azaldaraq neft bazarındakı riskləri zəiflədib. Bununla yanaşı, Trampın Çin mallarına 100 faizlik rüsum tətbiq etməsi və ABŞ-Rusiya liderlərinin Budapeştdə planlaşdırılan görüşü bazara əlavə təsir göstərib.
Təklif artır, tələbat isə zəifdir
OPEK+ ölkələrinin hasilatı artırması qlobal bazarda profisiti gücləndirib. Çin bu artımı qismən balanslaşdırmaq üçün nefti strateji ehtiyatlarına toplayır, lakin bu da ucuzlaşmanın qarşısını tam ala bilmir. ABŞ-da hasilat tarixi maksimuma çataraq gündəlik 13,6 milyon barel olub, anbarlardakı ehtiyatlar da gözləniləndən çox artıb.
Beynəlxalq Enerji Agentliyi və "Bank of America" kimi qurumların proqnozlarına əsasən, 2025-ci ilin sonu və 2026-cı ildə “Brent”in qiyməti əsasən 60–65 dollar arasında qalacaq. Daha pessimist ssenarilər isə 50–55 dollar həddini istisna etmir.
"Citigroup"un enerji bazarları üzrə baş strateqi Erik Li hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin intensivliyi azalsa, qiymətlər 50 dollara qədər enə bilər.
Azərbaycanı nə gözləyir?
Azərbaycan büdcəsində neftin orta qiyməti daha yüksək nəzərdə tutulduğundan uzunmüddətli ucuzlaşma tendensiyası iqtisadiyyata mənfi təsir göstərə bilər. Dövlət gəlirlərinin böyük hissəsi enerji ixracından formalaşdığı üçün OPEK+ siyasətindəki dəyişikliklər və qlobal tələbatın bərpası ölkə üçün həlledici amil olacaq. Ekspertlər bildirirlər ki, əgər neftin qiyməti 60 dollardan aşağı sabitləşsə, bu vəziyyət büdcəyə təzyiq yaradacaq, amma Azərbaycan Dövlət Neft Fondunun ehtiyatları qısamüddətli itkiləri kompensasiya etmək gücündədir./modern.az