Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi ölkənin cənubundakı Cazan bölgəsində potensial təhdidlər barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, Mülki Müdafiə Baş İdarəsinin açıqlamasında bildirilib ki, Cazan bölgəsində mümkün fövqəladə hallarla bağlı Milli Erkən Xəbərdarlıq Platforması vasitəsilə əhaliyə xəbərdarlıq edilib.
Bölgədə yaşayan vətəndaşlar və sakinlərdən fövqəladə hallar zamanı müəyyən edilmiş qaydalara riayət etmələri, həmçinin həyat və əmlaklarının təhlükəsizliyini təmin etmək üçün aidiyyəti qurumların göstəriş və xəbərdarlıqlarına əməl etmələri istənilib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının Yəməndə Husilərə qarşı hərbi əməliyyatları fonunda qruplaşma vaxtaşırı Səudiyyə Ərəbistanının sərhəd bölgələrini və ölkənin cənub əyalətlərini hədəf alır.
Cazan bölgəsində hərbi obyektlər və mühüm infrastruktur PUA və ballistik raket hücumlarının hədəfinə çevrilib.
İranın dəstəklədiyi Husilər 2014-cü ildən Yəmənin paytaxtı Səna da daxil olmaqla ölkənin bir hissəsinə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə 2015-ci ildən Yəmən hökumətini dəstəkləyir.
Aytən Yaşar/ Turkustan.az