Ölkəmizdə rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.
Qeyd olunub ki, ilkin mərhələdə rəqəmsal manatın məqsədləri və konsepsiyası müəyyən olunacaq. Pilot layihənin həyata keçirilməsi üçün seçilmiş maliyyə institutları və iri şirkətlərlə əməkdaşlıq qurulacaq. Məhdud dövriyyə və əməliyyat limiti tətbiq edilə bilər. Texniki infrastrukturun stabil işləməsi və təhlükəsizlik tədbirlərinin effektivliyi sınaqdan keçiriləcək. Sonkarı mərhələdə rəqəmsal manat geniş ictimaiyyətin istifadəsinə açıq olacaq. Fiziki və hüquqi şəxslər gündəlik əməliyyatlarında rəqəmsal manatdan istifadə edə biləcəklər.
Rəqəmsal manat və nağdsız iqtisadiyyatın hansı perspektivləri və riskləri var? Rəqəmsal manatın tətbiqi hansı yeniliklər gətirə bilər?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, rəqəmsal manat insanları nəzarətdə saxlayacaq bir alətdir:
“Əslində mən rəqəmsal manat və nağdsız iqtisadiyyata qarşıyam. Bu metodun Azərbaycanda və hansısa ölkələrin iqtisadiyyatında müsbət rolu barədə konkret fikir yoxdur. Ümumiyyətlə, rəqəmsal manata ideoloji olaraq qarşıyam. Onsuz da ölkəmizdə manat artıq rəqəmsaldır. Bank kartları vasitəsilə alış-veriş olunur”.

Natiq Cəfərli: Ümumiyyətlə, rəqəmsal manata ideoloji olaraq qarşıyam
İqtisadçının sözlərinə görə, son zamanlar ticarət dövriyyəsinin böyük hissəsi elektron pulla, yəni rəqəmsal manatla ödənilir.
“Rəqəmsal manatla nağdsız ödənişin fərqi nədir? Nəyə görə rəqəmsal manat ayrı valyuta növü olmalıdır?! Bunun üçün hətta Azərbaycanda Konstitusiya dəyişməlidir. Çünki Konstitudiyada rəqəmsal manat anlayışı yoxdur” deyən müsahibimiz ümid edir ki, ölkəmizdə bu təşəbbüs tətbiq olunmayacaq.
“Çünki ABŞ və bir sıra Avropa ölkələrində bu təşəbbüsün tətbiqinin insanları nəzarət edən funksiyalardan biri olması çox ciddi müzakirə olunur”, - Natiq Cəfərli qeyd edib.