“Bu gün müzakirə etdiyimiz qanun layihəsi cəmiyyətimizdə son illər, xüsusilə sosial şəbəkələr vasitəsilə formalaşan yeni və real təhlükələrə hüquqi cavab vermək məqsədi daşıyır. Qanuna edilən dəyişikliyə başqa don geyindirənlər olacaq deyə, mən də siyasi partiya kimi mövqeyimi açıqlamaq istəyirəm. Söhbət informasiya azadlığının məhdudlaşdırılmasından deyil, məsuliyyətsiz və zərərli informasiyanın yayılmasının qarşısının alınmasından gedir”.
Turkustan.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.
“Layihənin mahiyyəti mənim üçün ondan ibarətdir ki, internet informasiya ehtiyatlarında və sosial platformalarda kütləvi nümayiş etdirildiyi halda, cəmiyyəti açıq şəkildə təhqir edən, milli-mənəvi dəyərlərə zidd olan, əxlaqsız ifadələrin və yaxud bu cür məzmunun təsirini gücləndirən məlumatların yayılması hüquqi çərçivədə qadağan edilsin.
Bu gün sosial şəbəkələrin reallığı ondan ibarətdir ki, baxış toplamaq, populyar olmaq və ya şəxsi qisas məqsədi ilə ayrı-ayrı vətəndaşlar hədəfə alınır. Bir video, bir paylaşım və ya məqsədli kampaniya insanın şərəf və ləyaqətinə ciddi zərər vura, onun sosial və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir. Mövcud mexanizmlər isə bu halların hamısına operativ və effektiv cavab vermək üçün yetərli olmur.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, təqdim olunan dəyişikliklər siyasi məqsəd daşımır. Bu layihə nə siyasi fikirlərin ifadəsinə, nə tənqidə, nə də ictimai müzakirələrə qarşı yönəlib. Layihə yalnız kütləvi şəkildə qeyri-etik, təhqiredici və milli-mənəvi dəyərlərə zidd məzmunun yayılmasına qarşı hüquqi mexanizm yaradır.
Bu dəyişikliklər cəzalandırıcı yox, preventiv xarakter daşıyır. Məqsəd qorxutmaq deyil, məsuliyyət formalaşdırmaq, informasiya mühitində sağlam balans yaratmaqdır. İfadə azadlığı qalmalıdır, amma bu azadlıq başqasının ləyaqətinə və hüquqlarına zərər hesabına olmamalıdır”, – Razi Nurullayev bildirib. (globalinfo)