Hakan Fidandan son xəbərdarlıq: Dekabrın 31-dək vaxt verildi


SDQ/YPG terror təşkilatının Suriya ordusuna inteqrasiya üçün verilən müddət dekabrın 31-də başa çatır.

Turkustan.az xəbər verir ki, bu barədə “HabergGlobal” mənbələrə istinadla məlumat yayıb.

“İnteqrasiya üçün SDQ-nin 15 gündən də az vaxtı qalıb. Tarixin uzadılacağı ilə bağlı mesajlar var. Amma SDQ-nin Suriya ordusuna inteqrasiya olmaq istəmədiyi açıq şəkildə bəyan edilib”, - mənbə bildirib.

31 dekabr yaxınlaşarkən baş verə biləcək hadisələrlə bağlı nəşr belə yazıb:

“Görünən budur ki, SDQ müqavimət göstərir. ABŞ-dən vaxt qazanmaq üçün əlavə müddət istəyə bilərlər. Ən azı “keçid dövrü” adlandırıla biləcəkləri addımlar ata bilərlər. Məsələn, bunu “sərhəd təhlükəsizliyinə yönəlik tədbirlər” kimi təqdim edə bilərlər. Türkiyə sərhədində Suriya dövlətinin bayrağı qaldırılıb, Dəməşqdə bir sərhəd birliyi yerləşdirilə bilər. Bununla da “inteqrasiya başladı, yeni ildə qalan mexanizmlər işə salınacaq” deyə bilərlər”.

Bununla belə, qeyd olunub ki, 31 dekabr yaxınlaşdıqca diplomatik təmaslar da intensivləşib:

“ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak ötən həftə İsrail rəsmiləri ilə görüşlər keçirib. Rəsmi açıqlamalar məhdud olsa da, SDQ ilə bağlı mənbələrin məlumatına görə, görüşdə regional aktorlarla qarşılıqlı əlaqələrə dair müxtəlif mövzular müzakirə olunub. İsrail mediası Barakın Baş nazir Benyamin Netanyahu ilə görüşündə Təl-Əvivin Suriyadakı fəaliyyətlərinə dair “qırmızı xətlər” adlandırdıqları məsələləri gündəmə gətirdiyini yazıb”.

Digər yandan, Türkiyə xarici işlər naziri Hakan Fidan SDQ/YPG terror təşkilatının 10 mart razılaşmasına əməl etməli olduğunu vurğulayıb: “İsraildən cəsarət alırlar. SDQ artıq İŞİD bəhanəsi ilə prosesi uzatmamalıdır”.

Türkiyənin baş diplomatı SDQ/YPG-yə xəbərdarlıq mesajında artıq Ankaranın səbrinin və vaxtın tükəndiyini vurğulayıb.

KİV verilən vaxt bitdikdən sonra Türkiyə və Suriyanın birgə hərbi əməliyyata başlaya biləcəyini istisna etmir./teleqraf


MANŞET XƏBƏRLƏRİ