İl ərzində ərzaq məhsullarının qiyməti bir neçə dəfə artıb. Bayram öncəsi qiymət artımının süni şəkildə daha da yüksəldiyi müşahidə olunur. Mövcud vəziyyət vətəndaşların maliyyə yükünü artırır.
Belə süni qiymət artımlarının qarşısı necə alınmalıdır?
Globalinfo.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, 2025-ci ilin ötən dövründə qiymətlərin bir neçə dəfə artdığı barədə yayılan məlumatlar doğru deyil.
O deyib ki, rəsmi rəqəmlərə görə, qida məhsulları təxminən 7,5 faiz, bütün mal və xidmətlər isə 5,5 faiz ətrafında bahalaşıb:
“Qeyri-rəsmi hesablamalar göstərir ki, qida məhsulları təxminən 15 faiz, ümumi inflyasiya isə təxminən 9,5 faiz təşkil edir. Süni qiymət artımı baş verirsə, bu, bazarın düzgün idarə olunmadığını göstərir. Bazarda liberallıq təmin edilmədiyi və hökumət bu sahədə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün inhisarçılıq və gizli razılaşmalar mövcuddur. Hökumətin əsas vəzifəsi bu cür meyllərin qarşısını almaq olmalıdır. Təəssüf ki, Azərbaycanda bu istiqamətdə mübarizə hələ kifayət qədər effektiv deyil”.

Rəşad Həsənov
Ekspertin sözlərinə görə, bayram ərəfəsində qiymətlərin artması bir sıra real faktorlarla bağlıdır:
“Tələbatın kəskin artması təchizat zəncirində fasilələr yaradır və mövcud infrastruktur tələbin öhdəsindən gələ bilmir. Bu isə dolayısı ilə bazarda qıtlıq və qiymət artımı yaradır. Eyni zamanda, bəzi məhsullar əvvəlcədən ehtiyat üçün toplanır və bu məqsədlə əlavə vəsaitlər ayrılır. Çox vaxt həmin vəsaitlər xərcli olur, bəzən isə kredit hesabına əldə edilir. Mikrosahibkarlıq subyektləri də əlavə vəsait cəlb etməli olur və bu xərclər son nəticədə qiymətlərdə əks olunur. Xidmət sahəsində resursların, xüsusilə də yerin məhdudluğu qiymət artımını şərtləndirən digər amillərdəndir. Məsələn, restoranlar birdən-birə artan tələbə cavab verə bilmir, çünki onların fəaliyyəti məhdud infrastrukturla bağlıdır. Bu halda qiymətlərdə artım baş verir və müəssisələr mənfəət əldə edirlər”.
Rəşad Həsənov onu da qeyd edib ki, bayram dövrlərində satışa çıxarılması nəzərdə tutulan məhsulların bir hissəsi satılmadıqda, onlar növbəti bayrama qədər saxlanmalıdır:
“Bu isə əlavə vəsaitin formalaşmasına gətirib çıxarır və xərclər qiymətlərə əlavə olunur. Beləliklə, bazarda mövcud konyuktur və qiymət artımı həm real, həm də struktur faktorlarla bağlı olur. Bazarın formalaşmış vəziyyətini və qiymətləri artıran faktorları nəzərə alaraq hökumət bazarda təklif bolluğunu təmin edə, rəqabəti dərinləşdirə və bazar iştirakçılarının sayını artıra bilər. Bu addımlar qiymət optimallığının əldə edilməsinə kömək edir. Dünyanın bir sıra ölkələrinin təcrübəsi göstərir ki, hökumətlər yeni yaranan təklif qıtlığını kompensasiya etmək üçün əvvəlcədən ehtiyat yaratdıqları məhsulları bazara çıxarır. Bu, qısa müddətdə tələbdən yaranan qiymət dalğalanmasını neytrallaşdırmağa imkan verir. Azərbaycanda da bu hallar əsasən bayram dövrlərində təkrar olunur və qiymət dalğalanmaları müşahidə edilir”.