ABŞ Avropa tərəfdaşları ilə birlikdə mümkün sülh müqaviləsindən sonra Ukraynanı dəstəkləmək planını əks etdirən iki sənəd hazırlayıb.
Turkustan.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu, The New York Times-ın mənbələrinə istinadən hazırladığı materialda yer alıb. Nəşrin məlumatına görə, plan Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsini, yeni - mümkün Rusiya işğalının qarşısını almaq üçün Ukrayna ərazisinə Avropa qoşunlarının yerləşdirilməsini və Amerika kəşfiyyat imkanlarının daha fəal şəkildə cəlb edilməsini nəzərdə tutur.
NYT mənbələrinin "əməliyyat hərbi planı" adlandırdığı sənədlərdən birində Rusiyanın əlavə əraziləri ələ keçirməyə cəhd etməsinin qarşısını almaq üçün ABŞ və Avropa qüvvələri ilə Ukrayna Silahlı Qüvvələri arasında əməkdaşlıq üçün ətraflı müddəalar var. Heç bir sənəd hələlik ictimaiyyətə açıqlanmayıb. Lakin məlumatlı mənbələrə görə, onlarda mümkün yeni Rusiya işğalının müxtəlif ssenariləri üçün konkret direktivlər var. Adı çəkilməyən ABŞ rəsmisi qeyd edib ki, onlar gələcək hücumların qarşısını almaq və onların yenidən başlamasına cavab vermək üçün mexanizmləri "çox aydın şəkildə" müəyyən ediblər.
Əsas məqsədlərdən biri sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayını 800 minə çatdırmaqdır. Qeyd olunur ki, buna nail olmaq üçün Ukrayna tərəfdaşlarından sabit və əhəmiyyətli dəstəyə ehtiyac duyacaq. Avropalı diplomat sənədlərdə Kiyev tərəfindən tələb olunan konkret silahların və hərbi imkanların siyahısının olduğunu, lakin təfərrüatları vermədiyini bildirib.
Planda həmçinin Ukrayna ərazisində fəaliyyət göstərə biləcək Avropa təhlükəsizlik qüvvələrinin rolu, xüsusən də hava və dəniz təhlükəsizliyini təmin etmək üçün təsvir olunur. Bu cür bölmələrin əsasən ölkənin qərbində yerləşməsi gözlənilir, lakin iştirakçı dövlətlərin siyahısı hələ müəyyən edilməyib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Asif Nərimanlı bildirib ki, əslində, bu sənədlər Ukraynaya imkan verir ki, sonrakı dövrdə ordusunu gücləndirsin və Avropanın dəstəyi ilə birbaşa işğal olunmuş ərazilər uğrunda yenidən müharibəyə başlasın. Onun sözlərinə görə, Ukraynanın əsas ümumiləşmiş mövqelərindən biri də əvvəldən məhz bu olub. Yəni Ukrayna ilkin mərhələdən etibarən sülh planına və güzəştlər məsələsinə razı deyil:
“Lakin mövcud şərtlərə uyğun olaraq belə bir yanaşma var ki, razılaşma əldə edildikdən, münaqişə dondurulduqdan sonra müəyyən müddət ərzində Ukrayna ordusunu yenidən formalaşdırmalı və hücuma keçmək üçün uyğun şəraitin yetişməsini gözləməlidir. Belə bir ssenari mövcuddur və mümkündür. Rusiya tərəfi də bu ssenarini nəzərə alır”.
Müsahibimiz hesab edir ki, məhz buna görə Rusiya daha öncə Tramp tərəfindən irəli sürülən, xüsusilə Avropa ordusunun təmas xəttinə yerləşdirilməsi və Avropanın Ukraynada birbaşa ordunun gücləndirilməsində iştirak etməsi ilə bağlı planı qəti şəkildə qəbul etmədi. Çünki Kreml anlayır ki, indiki şərtlərdə münaqişə dondurularsa, bu, sonrakı dövrdə Ukraynanın yenidən hücuma keçməsi üçün zəmin yarada bilər:
“Bu məsələlərin yenidən sənədlərə daxil edilməsi, ABŞ-nin razılığı ilə baş verir və məqsəd Ukraynanı Donbas məsələsində güzəştə getməyə razı salmaqdır. Yəni sülh planı ilə bağlı yayılan məlumatlar göstərir ki, artıq məsələlərin təxminən 90 faizi razılaşdırılıb və burada iki əsas prinsipial məsələ qalır.
Birincisi, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsidir.
İkincisi isə Donbas məsələsində Ukraynanın geri çəkilməsi, yəni Donbasdakı Ukrayna ordusunun çıxarılması və Rusiyanın bu ərazilər üzərində nəzarətinin tam təmin olunmasıdır".

Asif Nərimanlı: Məsələlərin təxminən 90 faizi artıq razılaşdırılıb
Politoloq qeyd edib ki, hazırda Rusiya Donbasın müəyyən hissəsini işğal etsə də, bəzi ərazilər hələ də Ukrayna ordusunun nəzarətindədir:
"Rusiya tələb edir ki, Ukrayna bu ərazilərdən tamamilə çıxmalıdır. Razılaşmaların əsas hissəsi də məhz bu istiqamətdə formalaşıb. Ukraynanın təhlükəsizlik məsələləri ilə bağlı yekun qərarların isə Berlin danışıqlarında qismən razılaşdırıldığı, prosesin Mayamidə keçiriləcək görüşlərdə davam etdiriləcəyi bildirilir. ABŞ Ukrayna ordusunun gücləndirilməsi və Avropanın dəstəyi məsələsini sənədə daxil etməklə Ukraynanı Donbas məsələsində güzəştə getməyə təşviq edir və bunu hüquqi planın bir hissəsinə çevirir. Məqsəd də məhz budur”.
Lakin əsas sual ondan ibarətdir ki, gələcəkdə bu sənədlər Ukraynaya ordusunu gücləndirmək və yenidən hərbi əməliyyatlara başlamaq imkanı verə bilərmi? A.Nərimanlı hesab edir ki, Ağ Ev bunu istəyir. Dediyinə görə, əslində, bu planlarda və Tramp administrasiyasının qəbul etdiyi yeni təhlükəsizlik strategiyasında əsas vurğulanan məqam ondan ibarətdir ki, Vaşinqton münaqişələrin hərbi yolla həllini istəmir:
“Yeni milli təhlükəsizlik strategiyasında qeyd olunur ki, Ukrayna məsələsi də daxil olmaqla, Avropa ilə Rusiya arasındakı problemlər yalnız diplomatik müzakirələr yolu ilə həll edilməlidir.
Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən isə sülh planında təhlükəsizlik zəmanətləri uzunmüddətli xarakter daşımır. Eyni zamanda, əvvəlki məlumatlara əsasən demək olar ki, plana belə bir bənd də daxil ediləcək: Tərəflərdən hər hansı biri - istər Rusiya, istərsə də Ukrayna - münaqişəni yenidən hərbi yolla həll etməyə cəhd edərsə, ABŞ prosesdən çəkiləcək və hücuma başlayan tərəfə qarşı çıxacaq”.
Həmsöhbətimiz bu bəndin mütləq şəkildə plana daxil ediləcəyini vurğulayır. Onun sözlərinə görə, burada iki əsas məqam var:
“Birincisi, Vaşinqton Ukraynaya ordunun gücləndirilməsi və Avropanın dəstəyi ilə bağlı müəyyən imkanlar versə belə, gələcəkdə münaqişənin yenidən alovlanmasını istəmir.
İkincisi isə Ağ Ev bu planı yalnız Ukraynaya deyil, eyni zamanda Rusiyaya da qəbul etdirməlidir".