Slovakiyada Azərbaycan himnini oxuyan Karen danışdı: "Qürur duyuram"


Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində təmsil etməkdən qürur duyuram. Artıq dəfələrlə müxtəlif tədbir və konsertlərdə Azərbaycan Dövlət Himnini ifa etmişəm və fəxr edirəm ki, futbol üzrə Azərbaycan milli komandasının Slovakiya ilə səfər görüşündə mavi ekranlar qarşısındakı milyonlarla seyrçi üçün yenidən Azərbaycan himnini səsləndirdim.

Turkustan.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Avstriyada yaşayan alman-kuba əsilli vokalçı və artist Karen Danqer-Manafzadə UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya-Azərbaycan qarşılaşmasından öncə Azərbaycan himnini səsləndirməsi ilə bağlı təəssüratlarını bölüşərkən bildirib.

Onun sözlərinə görə, stadiondakı tamaşaçıların Azərbaycan himninin musiqi və sözlərindən riqqətə gəlməsi onu gələcəkdə öz repertuarında Azərbaycan musiqisinə daha geniş yer verməyə ruhlandırıb.

Qeyd edilməlidir ki, himnimizin canlı ifası Slovak Futbol Federasiyasının təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət etməsi əsasında baş tutub. Müraciəti müsbət cavablandıran Karen Danqer-Manafzadə həyat yoldaşı ilə Slovakiyanın Koşitse şəhərində baş tutan oyundan öncə Azərbaycan milli himnini ifa etmək üçün hazırlaşıb.

Xatırladaq ki, Karen Danger-Manafzadə Azərbaycanın Əməkdar artisti, dünyaşöhrətli pianoçu İslam Manafovun oğlu, pianoçu, dirijor, bəstəkar Abuzər Manafzadənin həyat yoldaşıdır və onlar ailəlikcə dünyanın müxtəlif ölkələrində Azərbaycan musiqisini tərənnüm edir və konsert proqramları ilə çıxış edirlər.


MANŞET XƏBƏRLƏRİ