Yunanıstan Silahlı Qüvvələri kiçik, yaşayış olmayan adacıqlara və qayalıqlara desant çıxarılması, eləcə də gecə saatlarında onların ələ keçirilməsi üzrə hərbi təlim keçirib.
Turkustan.az xəbər verir ki, “Kathimerini” qəzetinin məlumatına görə, “Alexandros” adlı təlim zamanı Yunanıstan Silahlı Qüvvələrinin hava, quru və dəniz əməliyyatlarında sürəti, imkanları və hazırlıq səviyyəsi sınaqdan keçirilib.
Təlim çərçivəsində bölmələrin 5 dəqiqə ərzində yerləşdirilməsi, xüsusi əməliyyat və xüsusi təyinatlı qüvvələrin ölkənin müxtəlif bölgələrinə göndərilməsi üzrə ssenarilər həyata keçirilib.
Həmçinin xüsusi əməliyyat bölmələrinin dəniz gəmilərinə sürətli yerləşdirilməsi, qoşunların kiçik adacıqlara və yaşayış olmayan qayalıqlara desant çıxarması və gecə saatlarında həmin ərazilərin ələ keçirilməsi sınaqdan keçirilib.
Meriç bölgəsində və adalardakı quru qoşunları tam hazırlıq vəziyyətinə gətirilib. Təlim çərçivəsində 70 qırıcı təyyarə də səfərbər edilib.
Aytən Yaşar/ Turkustan.az