Avropa İttifaqı (Aİ) Komissiyası xarici sərhədlərin qorunması və kütləvi qanunsuz keçidlərin qarşısının alınması məqsədilə beş maddədən ibarət yeni plan təqdim edib.
Turkustan.az xəbər verir ki, plan çərçivəsində qanunsuz miqrantların geri qayıtmasının təşviq edilməsi də nəzərdə tutulur.
Avropa Komissiyasının açıqlamasına görə, plan iyulun 30-31-də Şimali Afrikada İspaniyanın muxtar şəhəri Seutada baş verən kütləvi qanunsuz keçid cəhdindən sonra hazırlanıb.
Plana qanunsuz miqrasiyanın qarşısını almaq üçün tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsi, Aİ-nin xarici sərhədlərinin möhkəmləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi, miqrant qaçaqmalçılığı şəbəkələrinin dağıdılması və geri dönüşlərin dəstəklənməsi daxildir.
Plan çərçivəsində tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi, qanunsuz miqrasiyanın əsas səbəbləri ilə mübarizə aparılması və Aralıq dənizi regionunda gənclər üçün imkanların yaradılması təklif olunur. Bu məqsədlə “Gənclərin Bacarıqları və Məşğulluq Təşəbbüsü”nün həyata keçirilməsi və Aİ-yə qanuni keçidləri təşviq etmək üçün yeni Keçid Ofislərinin yaradılması nəzərdə tutulur.
Bundan əlavə, tərəfdaş ölkələrlə Aİ-nin sərhəd mühafizəsi agentliyi “Frontex”, Avropa Polis İdarəsi (Europol) və Avropa İttifaqının Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyi (Eurojust) arasında daha sıx əməkdaşlığın qurulması planlaşdırılır. Sənəddə Avropa Sərhəd Nəzarəti Sistemi (EUROSUR) çərçivəsində koordinasiya mərkəzlərinin yaradılması da yer alır.
Aytən Yaşar/ Turkustan.az