Türkiyədəki narazılıq Bakı-Ankara münasibətlərinə təsir edə bilərmi? – Politoloq ŞƏRHİ


Son günlər Azərbaycanın BMT-dəki nümayəndəsinin İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı zaldan çıxmaması Türkiyə mediasında və ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir, bəzi şəxslər Azərbaycanın mövqeyini tənqid edir, hətta ölkəmizə qarşı ittihamlar irəli sürülür.

Hadisənin Türkiyədə geniş müzakirə olunması Azərbaycan-Türkiyə münasibətlərinin fonunda diqqət çəkir. Bəs bu məsələ iki ölkə arasında münasibətlərə təsir göstərə bilərmi? Türkiyədəki reaksiyalar nə dərəcədə ciddi qəbul edilməlidir və bu müzakirələrin arxasında hansı amillər dayanır?

Turkustan.az bu sualları politoloq Oqtay Qasımova ünvanladı.

Oqtay Qasımov yenidən bələdiyyə üzvü seçildi

Oqtay Qasımov

Son günlər Türkiyənin sosial şəbəkələrində Azərbaycan əleyhinə başlanan kampaniya təəssüf doğurur və qəbuledilməzdir. Amma eyni zamanda bilməliyik ki, Türkiyə yekcins cəmiyyət deyil. Orada da müxtəlif ölkələrin maraqlarına xidmət edən şəbəkələr mövcuddur. Həmin şəbəkələr də məhz fürsət gözləyərək Azərbaycan əleyhinə bu cür kampaniyalar təşkil edirlər.

Bu kampaniyanın əsas məqsədi Azərbaycan-Türkiyə münasibətlərini kölgələməkdir. Bunu Türkiyədə də çox yaxşı başa düşürlər, Azərbaycanda da bunu çox gözəl bilirlər. Ona görə də bu qüvvələrə öz yerlərini göstərmək və Türkiyə-Azərbaycan münasibətlərini yüksək səviyyədə saxlamaq üçün səy göstərmək lazımdır.

İndiyə qədər dəfələrlə bu cür kampaniyaların şahidi olmuşuq. Amma onların heç biri Azərbaycan-Türkiyə münasibətlərini pozmaq səviyyəsində təsir imkanına malik olmayıb. Çünki Azərbaycan-Türkiyə münasibətləri, dostluğu və qardaşlığı sadəcə tarixi köklərə deyil, həm də hər iki dövlətin milli maraqlarına əsaslanır.

O baxımdan, bu cür məsələlərin Azərbaycan-Türkiyə münasibətlərini pozmaq imkanı yoxdur və bunun mümkün olduğunu düşünmürəm.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ