Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç TV Müsavatın canlı efirində Türkiyə sosial mediasında Azərbaycana qarşı aparılan kampaniyaya münasibət bildirib. Aparıcı Sevinc Telmanqızının qonağı olan Kılıç bu müzakirələrin iki ölkə arasındakı qardaşlığa xələl gətirməyəcəyini vurğulayıb.
Turkustan.az xəbər verir ki, sabiq səfir Türkiyə və Azərbaycan arasında münasibətləri sosial şəbəkələrdəki mübahisələrlə ölçməyin düzgün olmadığını deyib. Onun fikrincə, ayrı-ayrı şəxslərin və qrupların səsləndirdiyi fikirlər bütöv Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim edilməməlidir. Sosial mediada süni şəkildə böyüdülən müzakirələr də iki ölkənin köklü münasibətlərini poza bilməz.
Kılıçın çıxışında müzakirə doğuran məsələlərdən biri də Azərbaycandakı məktəbli forması və baş örtüyü ilə bağlı sual olub. Azərbaycanda orta məktəb şagirdləri üçün vahid geyim formasının müəyyənləşdirilməsi Türkiyə sosial mediasının bəzi seqmentlərində baş örtüyünə qadağa kimi təqdim edilir.
Sabiq səfir bu yanaşmanın yanlış anlaşılmalara yol açdığını bildirib. Məktəblərdə vahid geyim qaydalarının tətbiqini dini geyimə qarşı addım kimi təqdim etməyin doğru olmadığını vurğulayan Kılıç, bu məsələnin Azərbaycanda qəbul edilmiş təhsil qaydaları çərçivəsində dəyərləndirilməli olduğuna diqqət çəkib.
Hulusi Kılıç sosial şəbəkələrdə Azərbaycana qarşı sərt və aqressiv mövqe sərgiləyənlərə də kəskin cavab verib. O, bu mövzuda danışmağın və qardaş ölkəyə münasibət bildirməyin hər kəsin işi olmadığını söyləyərək, “Bəyənmirsinizsə, səsinizi kəsib oturun” ifadəsini işlədib.
Sabiq səfirin çıxışında əsas mesaj Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin sosial şəbəkə mübahisələrindən qat-qat möhkəm olmasıdır. Kılıçın sözlərinə görə, ayrı-ayrı kampaniyalar iki xalqın qardaşlığını sarsıda bilməz.