Səfəvi şahı II Təhmasibin Bakı ilə bağlı TARİXİ FƏRMANI


21 nömrəli sənəd – Moskva şəhərindəki “Rusiyanın xarici siyasəti” adlı arxivdə II Şah Təhmasibin 1723-cü ilin avqust ayında verdiyi fərman mühafizə olunur. Fərmanın tarixi Bakının rus orduları tərəfindən yenicə alındığı dövrə təsadüf edir. Məlum olduğu kimi, əfqanların hücumu və Şah Sultan Hüseyn hakimiyyətinin sona çatması ilə əlaqədar olaraq I Pyotr Xəzər dənizinin qərb, cənub sahillərini tutmağa və bununla osmanlıların Xəzər dənizinə əl atmalarına mane olmağa, Volqa-Xəzər ticarət yolunun təhlükəsizliyini təmin eməyə çalışırdı. Buna görə də o, 1722-ci ilin noyabr ayında Həştərxanda olduğu vaxt İran Şahının yardım haqqındakı xahişinə əsaslanaraq general-mayor A.Matuşkinə göstəriş verir ki, 1723-cü ilin yazında hərbi donanma ilə yola düşüb Bakı qalasını tutsun. Həmin göstərişlə əlaqədar olaraq 1723-cü ilin iyul ayının 6-da rus gəmiləri Bakı körfəzinə çatır. General A.Matuşkin Bakı qalasını ələ keçirmək üçün bilavasitə fəaliyyətə başlayır. O, rus ordularının II Şah Təhmasibin xahişi ilə əlaqədar olaraq gəlməsini və İranın Peterburqdakı səfiri İsmayıl bəyin bu barədə məktub göndərməsini bildirirsə də Bakı qalasının sultanı Məhəmməd Hüseyn bəy bu sözlərə əməl etmir və rus qoşununa müqavimət göstərir. Nəhayət, 1723-cü il iyulun 26-da rus orduları Bakıya daxil olurlar.

II Şah Təhmasibin fərmanının məzmunundan aydın olur ki, məhz rus hərbi donanmasının Bakı körfəzinə yaxınlaşdığı vaxtda qalanın sultanı Məhəmməd Hüseyn bəy Bakının yüzbaşıları, qaraulları, kətxudaları, ərbabları və ümum əhalisi adından şaha məktub göndərərək bütün vəziyyəti ona şərh etməklə bərabər qala əhalisi üçün yardım, azuqə, qurğuşun, barıt və s göndərilməsini xahiş etmişdir. Həmin xahişlə əlaqədar olaraq II Şah Təhmasib hələ Məhəmməd Hüseyn bəyin məktubunu almazdan əvvəl Bakı qalasını azuqə, qurğuşun, barıt göndərilməsi haqqında Astara, Ərdəbil hakimlərinə lazımi göstərişlər verdiyini bildirmiş və Salyan hakimi Həsənbəyin öz qoşunu ilə birlikdə Bakının köməyinə tələsməsinə dair yeni fərman verdiyini nəzərə çatdırmışdır.

Bu fərmanda yüzbaşı, kətxuda və sair istilapların işlədilməsi göstərir ki, o vaxt Bakı bir neçə məhəlləyə malik böyük şəhər olmuş və qala daxilində yüzlərlə silahlı əsgər, qaraulçu dəstələr və s. saxlanılırmış. Eyni zamanda fərman İran Şahının Bakı qalasının müdafiəsinə çox böyük əhəmiyyət verdiyini göstərir. II Şah Təhmasib osmanlıların hücumu qarşısında Pyotrun yardımına arxalanmaq istəsə də, Bakı qalasının rusların sərəncamına keçməsinə razılıq verə bilmir. Buna görə də o, Bakı əhalisini ruslara qarşı vuruşmağa təhrik edir. Söz yox ki, bu, ikitərəfli oyun Bakının strateji və ticarət mövqeyindən əlavə, onun neft, duzu hesabına böyük gəlir mənbəyinin əldən çıxması təhlükəsi ilə də əlaqədar olmuşdur. Bunu xatırlatmaq kifayətdir ki, qala rusların əlinə keçdikdən sonra onlar hər il digər vergilərdən əlavə, yalnız Bakının nefti, duzu hesabına 50.000 manata yaxın gəlir əldə edirdilər.

21 nömrəli SƏNƏD

Bakı qalasının müdafiəsinə dair II Şah Təhmasibin fərmanı. Fərman 1723-cü ilin avqust ayında verilmişdir.

Möhür izi: “Mehriban və bağışlayan ALLAHın adı ilə, Şahi vilayətin qulu II Təhmasib”.

Dünya itaət etməli hökm verildi o haqda ki, mübarək Badkuyə qalasının yüzbaşıları, qaraulları, kətxudaları, ərbab və əhalisi bütün sahələrdə şahlıq lütfkarlığı və himayəsinə layiq görülərək bilsinlər ki, həmin vaxtlarda, onların yardım, azuqə göndərilməsi xahişinə, habelə sair vəziyyətə dair dünyapənahlı dərgaha göndərdikləri ərizə şahın günəş təsirli nəzərinə çatdı. Onların ərz etdikləri vəziyyət dünyaya zinət verən fikir sahibinə məlum oldu. Ərizə çatmazdan əvvəl qeyd olunan qala üçün lazımi tədarük buyurub göstəriş vermişik ki, yüksək vəzifəli Astara hakimi, Ərdəbil hakimi tezliklə oraya azuqə, qurğuşun, barıt göndərsinlər. İndi isə yenə də itaət olunmalı fərmanlar mövcibincə göstəriş buyurduq ki, Salyan hakimi qaytaqlı qulamların yüzbaşısı olan uca və yüksək rütbəli Həsən bəy tezliklə öz qoşunu ilə birlikdə onların köməyinə gəlsin. Yüksək ALLAHın istədiyi təqdirdə onlar tezliklə Bakıya varid olacaqlar. Cah və cəlal bayraqları da müvəffəqiyyət və irəliləyişlə Ərdəbilə doğru yönəlmişdir. Yüksək ALLAHın istədiyi təqdirdə Ərdəbilə varid olduğumuzdan sonra yenə də lazımi tədarük buyurarıq. Onlar tam ümid bağlamalı və qeyd olunan mübarək qalanın saxlanılması və qorunması üçün, düşmənin dəf olunması üçün lazımi səy göstərməli, öz xoş xidmətlərini daha artıq zahirə çıxarmalı və padşahlıq mərhəmətlərinə layiq olmalıdırlar.

Hazırladı : Fuad Kamil oğlu

Mənbə: “Bakı tarixinə dair orta əsr sənədləri” – T.Musəvi

Bakı - 1967


MANŞET XƏBƏRLƏRİ