Bakının Nəsimi rayonu Vaqif prospektində aparılan xətlənmə işləri sürücülər arasında narazılığa səbəb olub.
Turkustan.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb və geniş müzakirələr yaradıb.
Vətəndaşların sözlərinə görə, həmin yolda çəkilən ziqzaqvari xətlənmə hərəkət zamanı çaşqınlıq yaradır, manevr imkanlarını məhdudlaşdırır və qəza riskini artırır.
Onlar bildirirlər ki, bu vəziyyət sürücülərə psixoloji gərginlik də yaşadır.
“L_888” adlı istifadəçi yazıb: “O yolda çox gərgin oldum, bilmədim maşın sürürəm, yoxsa oyun meydançasındayam”.
“NA” adlı istifadəçi yazıb: “Düz yolda ziqzaq xətlərin çəkilməsinə nə ehtiyac var? 40–50 km/saat sürətlə hərəkət edən sürücü orada necə sağa-sola manevr etsin?”.
“By_Eliş” adlı izləyici qeyd edib: “Belə xətt olar? Şok oldum. Orada olanda elə bildim yol yox, qatar relsidir. Əvvəllər normal idi”.
Tərlan Dadaşov adlı istifadəçi isə narazılığını belə ifadə edib: “Özbaşınalıqdır, hər kəs əlinə fırça alıb yolu cızır. Buna nəzarət edən qurum yoxdur? Tıxacda, yağışda sürücü o xətləri necə görsün? Xətlənmənin də standartları var, belə olmaz”.
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Bakupost.az-a bildirib ki, bu cür yanaşmalar beynəlxalq təcrübədə var, lakin hər yerdə tətbiq edilmir:
“Bu cür hərəkət trayektoriyaları avtomobillərin daha aşağı sürətlə hərəkət etməsi və təhlükəli manevrlərin qarşısının alınması üçün tətbiq olunur. Əsas məqsəd sürətin azaldılmasıdır. Amma təbii ki, bizim sürücülər sürət sevdalısıdır və daha yüksək sürətlə hərəkət etməyə çalışırlar”.
Ekspertin sözlərinə görə, bu yolda hərəkətin belə təşkil olunmasının başqa bir mexanizmi də var:
Məsələn, geriyə dönmə, sola və sağa dönmə yerlərində yalnız sağa dönənlər, yalnız sola dönənlər üçün trayektoriya müəyyənləşir. Sürücü artıq əvvəlcədən sağa dönəcəksə, sağ zolağı tutur, sola dönəcəksə sol zolağı tutur. Yəni bu, əvvəlcədən müəyyən edilir. Sürücülərimiz bu qaydalara nə vaxt öyrəşəcək, nə vaxt bunu normal mexanizm kimi qəbul edəcək, demək çətindir.
Amma bir daha deyirəm, bunu hər yerdə tətbiq etmək olmaz. Çünki bir çox ərazilərdə təhlükəli döngələr, nöqtələr var. Belə zolaqların həmin ərazilərə çəkilməsi qəza riskini artıra bilər. Və yaxud da bu cür davranışları vərdişə çevirməyən insanlar demək olar ki, hər gün qayda pozmuş sayılacaqlar. Mən bəzən görürəm ki, bəzi sürücülər əvvəl öyrəşdikləri qaydalarla hərəkət edirlər, bu da düzgün deyil. Yerdəki zolaqlara diqqət etmək lazımdır”.