Rəisi ölümündən əvvəl Azərbaycan haqda nə demişdi?


Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter ötən gün qəzaya uğrayıb. Qəza nəticəsində bütün sərnişinlər həlak olub.

İbrahim Rəisi ölümündən öncə, dünən - mayın 19-da Azərbaycanla sərhəddə Prezident İlham Əliyevlə görüşəndən sonra Təbrizə gedirmiş.

Azərbaycan və İran prezidentləri ötən gün Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.

İran Prezidenti Seyid İbrahim Rəisi görüşdə bunun hər iki dövlət üçün uğurlu olduğunu bildirmişdi:

“Cənab Prezident, çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və birgə müzakirəmizi yenidən nəzərdən keçiririk. Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür. Hazırda biz istismara verilməsi iki xalq və iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin açılışında iştirak edəcəyik. Bunun özü əlamətdar bir hadisədir ki, iki xalq, iki dövlət arasında da çox mühüm böyük layihələr həyata keçirilə bilər. Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər. Bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalqlarımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik”.

Prezident Seyid İbrahim Rəisi məlum görüşdə Qarabağın Azərbaycanın ərazisi olduğunu xüsusi vurğulayıb:

"Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm. Mən son olaraq bildirmək istəyirəm ki, ola bilər, iki ölkə arasındakı əlaqələrin inkişafı bəzi güclərin xoşuna gəlməsin. Amma əsas olan bizim maraqlarımızdır və iki ölkə arasındakı əlaqələr bizim üçün çox önəmlidir. Energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr ölkələrimizin xalqlarının mənafeyinə xidmət etməlidir. Düşmənlər nə Azərbaycanın, nə də İranın inkişafını görmək istəmirlər. Düşünürük ki, Azərbaycanın inkişafı bizim də inkişafımızdır. İki ölkə arasındakı sərhəddə təhlükəsizliyə təhdid yaradan hər hansı məsələ bizim üçün də təhlükə yarada bilər. Biz çalışırıq ki, sərhədləri ümid sərhədinə çevirək. Çalışırıq ki, sərhədlər bizim üçün narahatlıq yaratmasın. Sərhəd bizim üçün fürsət və ümid yaratmalıdır. Biz çalışırıq ki, sərhədləri fürsətə çevirək". (yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ