Ermənistanın Qarabağda genişmiqyaslı işğalı başlamamışdan öncə qarşısında əsas hədəf kimi İrəvan-Tbilisi avtomobil yolunun üzərində yerləşən və strateji əhəmiyyətə malik olan kəndlərin ələ keçirilməsi dururdu. Bu gün yayılan məlumatlarda həmin kəndlərdə yaşayan ermənilərin ərazini tərk etdiyi bildirilirdi.
Qeyd edək ki, Qazaxın 7 kəndi ilə bağlı mediada mütəmadi informasiyalar dərc olunsa da, həmin kəndlərin yerləşdiyi ərazi, onların haqqında olan məlumat və işğal tarixləri çox da bilinmir.
Məlumat üçün bildirək ki, həmin kəndlərdən yalnız 3-ü Azərbaycanın Ermənistan ərazisi daxilində yerləşən ekslavları sayılır. Bu kəndlər Yuxarı Əskipara, Barxudarlı və Sofuludur. Prezident İlham Əliyevin anklav olmayan kəndlərlə bağlı səsləndirdiyi fikirlərdə adı hallanan yaşayış məntəqələri isə Qızıl Hacılı, Xeyrimli, Bağanıs Ayrım və Aşağı Əskiparadır.
Ermənilərin boşaltdığı iddia olunan kəndlərin sırasına bu yaşayış məntəqələrinin adları daxil edilsə də, sözügedən kəndlərin hamısı 30 ildən çox işğalda qaldığı üçün dağıdılıb. Lakin buna baxmayaraq, həmin kəndlərə yaxın ərazidə yerləşən bir sıra erməni yaşayış məntəqələri mövcuddur ki, sərhədlərin deimitasiya və demarkasiyası fonunda onların boşaldılması istisna olunmur.
Bu kəndlərdən biri Qazax-İcevan (Karvansaray) yolu üzərində yerləşən Kayan kəndidir. Kənd Barxudarlı və Sofulu ekslavlarına gedən yolun girəcəyində, de-yure Azərbaycan ərazisində yerləşir. Qısacası, boşaldılması real olan kəndlər siyahısında Kayanın adı birinci sırada ola bilər. Eksklavın sonunda yerləşən kənd isə Azatamut kəndidir. Bu yaşayış məntəqəsi də Qazax-İcevan yolu üzərində yerləşir.
İşğalda olan Xeyrimli kəndinin yaxınlığında yerləşən Kirants (Güney) kəndinin də yaxın günlərdə boşaldılması gözlənilir. Sovet xəritələrinə fikir versək, görərik ki, Kirants ilə Xeyrimlini M-16 İrəvan-Tbilisi avtomobil yolu ayırır.
Coğaz su anbarının cənubunda yerləşən Berkaber (Bibiş) kəndi isə işğalda olan Qızıl Hacılı ilə qonşu olduğu üçün bu kəndin də boşaldılması ehtimal olunur.
Sovet dövründə Azərbaycan və Ermənistan SSR-ə məxsus inzibati ərazi xəritələrində ən çox mübahisəli olan ərazi isə ermənilərin Voskepar (Əskipara) adlandırdığı kənd olub. İrəvan-Tbilisi avtomobil yolu üzərində və işğalda olan Aşağı və Yuxarı Əskipara kəndlərinin arasında yerləşən Voskeparın boşaldılması ehtimalı da hazırda çox yüksəkdir. Həmçinin Voskepardan şimalda yerləşən Bağanıs Ayrım kəndinə yaxın Bağanıs kəndinin də sərhədlərin təyin edilməsindən sonra boşaldılacağı gözlənilir.
Azərbaycanın erməni işğalında olan yeganə dağıdılmayan kəndi isə Naxçıvanın Kərki kəndi sayılır. De-fakto ermənilərin Tiqranaşen adlandırdığı Sədərək rayonu ərazisinə daxil olan Kərki kəndi de-yure Azərbaycan torpağı olsa da, kəndin ərazisindən E-117 magistralının keçməsi onun əhəmiyyətini bir qədər böyüdür. Mehri-İrəvan-Tbilisi yolunun üzərində yerləşən Kərkinin strateji mövqeyinə gəldikdə isə onu deyə bilərik ki, Ermənistan tərəfinin kənddən indiki perspektivdə öz xoşu ilə vaz keçməsi inandırıcı görünmür. Kənddən məcburi köçkün düşmüş şəxslər isə hazırda Şərur rayonunun Yeni Kərki kəndində məskunlaşıblar.
İşğalda olan 7 kəndimizə gəldikdə isə bunlar aşağıdakılardır:
Bağanıs Ayrım – Kənd Coğaz çayının sahilində yerləşir. Keçmiş adı Seyid Ayrımdır. Yaşayış məntəqəsi ayrımların seyidli qoluna mənsub ailələr tərəfindən keçmişdə mövcud olan Bağanıs kəndi yaxınlığında salındığı üçün belə adlandırılıb. Seyidlilər 19 əsrin əvvəlində 108 ailədən ibarət tayfa olublar. Toponim “Bağanıs kəndi yaxınlığındakı Ayrım kəndi” mənasında işlədilir.
Qazax rayonu Ermənistanla 168 km-lik sərhəd zolağına malikdir. Qarabağ müharibəsinin ilk günlərindən çox əvvəl döyüşlərə hazırlıq görən Ermənistan silahlı birləşmələri Qazax rayonunun həmsərhəd kəndlərində yaşayan dinc əhalini mütəmadi atəşə tutur, evləri yandırır, mal-qaranı tələf edir və ya oğurlayırdılar.
Bağanıs Ayrım kəndi İcevan-Noyemberyan avtomobil yolu üzərində yerləşir və xüsusi strateji əhəmiyyətə malikdir. Düşmən sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal edib. Əlisilahlı ermənilər keçmiş sovet ordusunun hərbiçiləri ilə birgə 1990-cı ilin mart ayının 23-dən 24-ə keçən gecə Bağanıs Ayrım kəndinə soxulublar. Martın 24-ü səhər saatlarında isə kənd erməni silahlıları tərəfindən işğal olunub. İşğal zamanı kəndin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməyən divan tutulub. 600 nəfər əhalisi və 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. 1990-cı ilin martında işğal olunan Bağanıs Ayrım kəndinin sakinləri öz doğma yurd-yuvalarından didərgin düşüblər. Kənd sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşıb.
Xeyrimli – Gəncə-Qazax düzənliyində yerləşir. Keçmiş tam adı Dil Xeyrimlidir. Toponim Xeyrimli tayfasının adından götürülüb. 1990-cı ilin martından 1992-ci ilin martına qədər kiçik miqyaslı atışmalar olsa da, kənd işğal edilməmişdi. Lakin 1992-ci ilin martın 8-də Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən işğal edildi. Yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli oldu.
Barxudarlı və Sofulu kəndlərinə isə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-də başladı və döyüşlər 4 gün davam etdi. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq düşmənə qarşı bir nəfər kimi əliyalın da olsa, döyüşdülər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmiryolu xətti də ermənilər tərəfindən partladıldı. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra, aprelin 27-də işğal edildi. Ağır döyüşlərdə 7 nəfər kənd sakini şəhid olub, 3 nəfəri isə ağır yaralandı. Bu gün Barxudarlı və Sofuludakı 230 evin hamısı talan edilərək yandırılıb.
Barxudarlı – dağətəyi ərazidədir. Kəndi barxudarlı nəslinə mənsub ailələr saldığına görə belə adlanıb. Nəslin adı fars dilindəki bərxurdar – “arzusuna yetişən, xoşbəxt” sözündən əmələ gəlib. Sofulu yaşayış məntəqəsinin adı isə əvvəllər Zəngəzur və Qazax qəzalarında yaşayan kəngərlilərin sofulu tayfasının adı ilə bağlıdır.
Hazırda, əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olan işğal altındakı 7 kəndin 7 mindən çox əhalisi Qazax rayonu ərazisinin müxtəlif yerlərində məskunlaşıb və məcburi köçkün həyatı yaşayırlar.
Yuxarı Əskipara – dağətəyi ərazidədir. Keçmiş adı Əskiparadır. Ondan yaranan yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırıldı. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasındadır.
Qızıl Hacılı - yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adından götürülüb.
Aşağı Əskipara - yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağının ətəyindədir. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasını daşıyır. (yenisabah.az)