ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başladığı hərbi əməliyyatlardan sonra bölgədə yaranan gərginlik müvəqqəti atəşkəsə baxmayaraq davam edir.
Turkustan.az xəbər verir ki, son hadisələr isə vəziyyətin yenidən kəskinləşdiyini göstərir.
İsrailin Livanın paytaxtı Beyrutun cənubundakı Dahiye bölgəsinə zərbə endirməsindən sonra İran İsrailə raket hücumları həyata keçirib. Bunun ardınca İsrail də İran ərazisində bir sıra hədəflərə zərbələr endirib.
ABŞ Prezidenti Donald Tramp tərəfləri təmkinli olmağa çağıraraq bildirib ki, İsrail və İran dərhal atəşi dayandırmalıdır.
Trampın çağırışından sonra İran Silahlı Qüvvələri İsrailə qarşı həyata keçirilən hərbi əməliyyatların başa çatdığını açıqlayıb. Bununla yanaşı, Tehran İsrailin Livana hücumları yenidən intensivləşdirəcəyi təqdirdə daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.
İsrail ordusunun məlumatına görə, Beyrutun cənubunda Hizbullahın infrastruktur obyektləri hədəfə alınıb. Hücum nəticəsində azı iki nəfər ölüb, 20 nəfər yaralanıb.
Bundan sonra İranın İsrailə raket zərbələri endirdiyi bildirilib. İsrail isə cavab olaraq İranın qərb və mərkəzi bölgələrində yerləşən hədəflərə hücumlar təşkil edib.
Aytən Yaşar/ Turkustan.az