Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) Ermənistanda keçirilən parlament seçkilərinə Rusiyanın təsir cəhdlərinin müşahidə olunduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə təşkilatın nümayəndələri iyunun 8-də İrəvanda keçirilən mətbuat konfransında ilkin hesabatı təqdim edərkən bildiriblər. Qeyd olunub ki, daha ətraflı hesabat iki ay ərzində açıqlanacaq.
Təşkilat seçkiləri ümumilikdə ədalətli qiymətləndirib. Monitorinq prosesində 7 ölkədən olan 23 nümayəndə iştirak edib. Onlar Ermənistanın 8 vilayətində yerləşən 17 icmada müşahidələr aparıb və 107 seçki məntəqəsinə baş çəkiblər.
IRI nümayəndələri sistemli xarakter daşıyan pozuntular qeydə almadıqlarını, səsvermə və səslərin hesablanması prosesinin etibarlı olduğunu bildiriblər. Bununla yanaşı, təşkilat seçki kampaniyasının yüksək siyasi qütbləşmə şəraitində keçdiyini vurğulayıb.
Müşahidələrin nəticələrinə əsasən institut 11 tövsiyə təqdim edib. Tövsiyələr arasında Ermənistan hakimiyyətinə maliyyə axınlarına, o cümlədən beynəlxalq maliyyə kanallarına nəzarətin gücləndirilməsi, seçici satınalmasına görə cəzaların sərtləşdirilməsi, partiya və blokların maliyyə dövriyyəsinə nəzarətin artırılması və kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi yer alıb.
Təşkilat həmçinin Mərkəzi Seçki Komissiyası və hüquq-mühafizə orqanlarını inzibati resurslardan istifadə və təzyiq halları ilə bağlı məlumatları daha fəal araşdırmağa çağırıb.
IRI nümayəndələrinin sözlərinə görə, Rusiyadan birbaşa təsir cəhdəri, o cümlədən sanksiya təhdidləri müşahidə olunub. Bundan əlavə, seçicilərə təzyiq, sülhlə bağlı mövzularda dezinformasiya, saxta məlumat axınları, bot və süni intellekt vasitələrindən istifadə, manipulyasiya, fişinq hücumları, eləcə də Ermənistan MSK və digər dövlət qurumlarının saytlarına qarşı kiberhücumlar qeydə alınıb.
Buna baxmayaraq, təşkilat nümayəndələri Ermənistanın demokratik seçim etdiyini və Avropa istiqamətli kurs nümayiş etdirdiyini bildiriblər./modern.az