Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlamaları müharibənin yalnız cəbhə xəttində deyil, həm də diplomatik arenada davam edən gizli və ziddiyyətli oyunlarını bir daha gündəmə gətirib. Musavat.com xəbər verir ki, “Sky News”a verdiyi müsahibədə Zelenski rusiyalı oliqarx, “Çelsi” klubunun keçmiş sahibi Roman Abramoviçlə Kiyevdə baş tutduğu deyilən görüşün detallarını ilk dəfə bu qədər açıq şəkildə təsdiqləyib.
Zelenskinin dedikləri təkcə bir görüşün xatırlanması deyil, həm də müharibənin ilk həftələrində Moskva ilə Kiyev arasında “arxa kanal” diplomatiyasının necə qurulduğuna dair mühüm bir etiraf kimi qiymətləndirilir. Onun sözlərinə görə, Abramoviç Kiyevə gələrək Kremlə mesaj çatdırmağı təklif edib: “Sizə birbaşa mesaj göndərirəm, sizdən bir mesaj götürüb Putinə çatdırmaq istəyirəm”.
Lakin Ukrayna liderinin cavabı sərt olub: “Siz bizim ərazimizdə bizə qarşı vuruşursunuz. Biz nə geri çəkiləcəyik, nə də ərazimizi verəcəyik. Sizə qələbə verməyəcəyik”.
Qeyd edək ki, müharibənin ilk mərhələlərində sülh danışıqlarında vasitəçi roluna cəhd edən Abramoviç sonradan Qərbin sanksiya siyahısına düşüb və prosesdən kənarlaşdırılıb. O vaxtdan bəri onun Kiyev və Moskva arasında hansı səviyyədə əlaqə saxladığı ictimaiyyət üçün qaranlıq qalıb. Zelenski isə bir daha vurğulayıb ki, Putinlə birbaşa görüş ideyasından geri çəkilmir. Onun fikrincə, yalnız açıq və birbaşa dialoq real nəticə verə bilər. Lakin Moskvanın şərtləri dəyişmədikcə bu ehtimal hələ də uzaq görünür.

Zelenskinin diplomatik səfərləri təkcə Kiyevdəki açıqlamalarla məhdudlaşmır. O, London şəhərində Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə görüşərək Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini müzakirə edib. Görüşlərdə əsas diqqət Rusiyanın son aylarda intensivləşən raket və dron hücumlarına yönəlib. Xüsusilə hipersəs “Oreşnik” tipli ballistik raketlərə qarşı müdafiə sistemlərinin gücləndirilməsi Qərb paytaxtlarının prioritetinə çevrilib.
Birgə bəyanatda tutucu raketlərin istehsalının artırılması, həmçinin, antiballistik və dərin zərbə imkanlarının genişləndirilməsi “təcili ehtiyac” kimi qeyd olunub. Lakin konkret maliyyə mexanizmlərinin açıqlanmaması bu planların hələ ilkin mərhələdə olduğunu göstərir. Eyni vaxtda cəbhə xəttində vəziyyət daha da gərginləşir. Son günlər Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Ukraynanın müxtəlif bölgələrinə hücumları nəticəsində ən azı beş mülki şəxsin həlak olduğu bildirilir. Zaporojye bölgəsində ictimai nəqliyyat dayanacağına edilən zərbə, Dnepr şəhərinə hücum və digər insidentlər müharibənin mülki əhali üçün riskini daha da artırıb. Rusiya Müdafiə Nazirliyi isə əks iddia ilə çıxış edərək son 24 saatda 500-ə yaxın Ukrayna dronunun vurulduğunu açıqlayıb.
Bu rəqəmlər tərəflər arasında informasiya savaşının da nə qədər intensiv olduğunu göstərir. Ən çox diqqət çəkən hadisələrdən biri isə Rusiyaya məxsus dronun Çernobıl yaxınlığında işlənmiş nüvə yanacağı anbarına zərbə endirməsi olub. Rəsmi məlumatlara görə, hadisə zamanı obyekt boş olsa da, bu addım müharibənin artıq “simvolik və psixoloji hədəflər” mərhələsinə keçdiyini göstərir. Analitiklər bu tip hücumları təkcə hərbi deyil, həm də psixoloji mesaj kimi qiymətləndirirlər: tərəflər bir-birinin strateji həssas nöqtələrini test edir.
Münaqişənin təsiri qonşu ölkələrə də yayılır. Moldova prezidenti Maia Sandu ölkəsinin dron təhlükələrinə qarşı müdafiə qabiliyyətini artırmaq üçün yeni qanunvericiliyə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna müharibəsi region ölkələrinin təhlükəsizlik strategiyalarını tamamilə dəyişib. Moldova və Rumıniya sərhədinə yaxın ərazilərdə dron qalıqlarının tapılması və insidentlərin artması regionda narahatlığı daha da gücləndirib. Zelenskinin Abramoviçlə bağlı açıqlaması bir daha göstərir ki, müharibənin ilk günlərindən etibarən həm açıq döyüş, həm də gizli diplomatik kanallar paralel şəkildə gedib. Lakin bu kanalların heç biri hələlik real sülhə çevrilməyib. Cəbhədə isə vəziyyət daha da sərtləşir: dronlar, raketlər, qarşılıqlı zərbələr və mülki itkilər müharibənin yeni, daha təhlükəli mərhələyə keçdiyini göstərir. /musavat.com/