“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə maliyyə dəstəyi müsabiqəsinin qalibi olduğu “Əlilliyi olan şəxslər üçün mədəni turların təşkili” layihəsinin icrasını uğurla davam etdirir.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədi 12–45 yaş arası əlilliyi olan şəxslərin sosial inteqrasiyasını gücləndirmək, onların mədəni maariflənməsinə, psixoloji rifahının yaxşılaşdırılmasına, sosial bacarıqlarının inkişafına və cəmiyyətin ictimai-mədəni həyatında fəal iştirakına dəstək verməkdir.
Üç ay müddətində həyata keçirilən layihə çərçivəsində Şamaxı, Quba və Xaçmaz rayonlarında mədəni turlar təşkil olunur. Hər turda ən azı 20 nəfərin iştirakı nəzərdə tutulur və ümumilikdə 60 nəfərədək əlilliyi olan şəxs layihənin fəaliyyətlərindən faydalanacaq.
Layihə çərçivəsində ilk mədəni tur Xaçmaz rayonunda təşkil olunub. Tur iştirakçıları əvvəlcə Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək rayonun zəngin tarixi, etnoqrafiyası və mədəni irsi ilə yaxından tanış olub, daha sonra Xaçmaz rayonunda yerləşən tarixi xristian kilsəsini ziyarət ediblər.
İştirakçıları muzeydə Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı bələdçi İradə Əsədova qarşılayıb. O, qonaqları muzeyin ekspozisiyası ilə yaxından tanış edib, eksponatlar, onların tarixi əhəmiyyəti və Xaçmaz rayonunun zəngin mədəni irsi barədə ətraflı məlumat verib.
Tədbir zamanı iştirakçılara bildirilib ki, muzeydə II qrup danışma və eşitmə məhdudiyyəti olan Üzdənov Eltac Ceyhun oğlu əmək fəaliyyəti ilə məşğuldur. O, muzeyə gələn əlilliyi olan şəxslərə, xüsusilə eşitmə məhdudiyyəti olan ziyarətçilərə bələdçilik edir və muzey haqqında məlumatların əlçatan formada təqdim olunmasına öz töhfəsini verir. Bu nümunə iştirakçılar tərəfindən inklüziv məşğulluğun uğurlu modeli kimi böyük maraqla qarşılanıb.
Tur boyu iştirakçıları Abşeron–Xızı Regional Mədəniyyət İdarəsinin Abşeron Mədəniyyət Mərkəzinin bədii hissə müdiri Səmədova Hürü Məmməd qızı müşayiət edib. O, ziyarət olunan tarixi və mədəni məkanlar haqqında ətraflı məlumat verib, eyni zamanda iştirakçılar üçün maraqlı viktorina və intellektual oyunlar təşkil edib. İnteraktiv şəkildə keçirilən oyunlar iştirakçıların həm biliklərinin möhkəmləndirilməsinə, həm də turun daha maraqlı və yaddaqalan keçməsinə şərait yaradıb.
Gəzintidən sonra iştirakçılar müxtəlif əyləncəli və intellektual oyunlarda iştirak edib, öz ifalarında sevilən mahnılar səsləndiriblər. Səmimi və mehriban atmosferdə keçən bu hissə iştirakçıların ünsiyyət bacarıqlarının inkişafına, sosial fəallıqlarının artmasına və asudə vaxtlarının səmərəli təşkilinə mühüm töhfə verib.
Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətini Xaçmaz RİH başçısının müavini, Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Nurəddinova Günel Vaqif qızı tapşırığına əsasən tədbirimizin keçirdilməsində böyük köməklik göstərən XRİH-nin ictimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Quliyeva Səadət Baba qızı təmsil edib . O, çıxışında belə layihələrin əlilliyi olan şəxslərin sosial inteqrasiyasına, mədəni həyata fəal cəlb olunmasına və cəmiyyətdə inklüzivliyin təşviqinə mühüm töhfə verdiyini vurğulayıb.
Layihə çərçivəsində təşkil olunan ilk mədəni tur iştirakçıların yeni dostluq əlaqələri qurmasına, ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə, asudə vaxtlarını səmərəli keçirməsinə və cəmiyyətə daha fəal inteqrasiyasına əlverişli şərait yaradıb.
Tədbirin sonunda layihə rəhbəri Qubad Qasımov layihənin maliyyə dəstəyini göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin təşkilinə və həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Xaçmaz rayon İcra Hakimiyyəti başçısına və həmin qurumun nümayəndəsi ictimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Quliyeva Səadət Baba qızına, Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyevaya, muzey kollektivinə, Abşeron–Xızı Regional Mədəniyyət İdarəsinə, tur bələdçisi Səmədova Hürü Məmməd qızına və tədbirin təşkilində əməyi olan bütün şəxslərə səmimi təşəkkürünü bildirib.









