Qazaxda "Bələdiyyə fəaliyyəti – problemlər və perspektivlər” layihəsi çərçivəsində növbəti tədbir keçirilib


D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyəti – problemlər və perspektivlər” layihəsinin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 8 iyul 2026-cı il tarixində Qazax rayonunda təşkil olunub.

Tədbirdə Qazax rayonunu və onun kəndlərini əhatə edən bələdiyyələrin 20 üzvü və qulluqçusu iştirak edib.

Təlim D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi Cəmiyyəti İctimai Birliyinin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva tərəfindən keçirilib.

İştirakçılarla tanışlıqdan sonra layihə, onun məqsədləri və layihəyə maliyyə dəstəyi göstərən qurum haqqında məlumat verilib.

Bildirilib ki, layihənin əsas məqsədi bələdiyyələrin fəaliyyət imkanlarının genişləndirilməsinə dəstək göstərmək, bu sahədə mövcud problemləri və inkişaf perspektivlərini araşdırmaq, bələdiyyə–vətəndaş və bələdiyyə–sahibkar münasibətlərinin inkişafına töhfə verməkdir.

Təlimçi Əntiqə Qurbanova bələdiyyələrin fəaliyyəti, bələdiyyə–əhali və bələdiyyə–sahibkar münasibətlərinin qurulması, eləcə də yerli özünüidarəetmə orqanlarının insan hüquqlarının, xüsusilə qadın hüquqlarının müdafiəsində rolu barədə təqdimatla çıxış edib.

Təqdimatdan sonra mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların fikir və təklifləri dinlənilib. Bələdiyyələrin üzləşdiyi problemlər, mövcud çətinliklərin aradan qaldırılması yolları və yerli özünüidarəetmənin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Təlimçi Nabat Qəniyeva isə bələdiyyələrin regionların sosial-iqtisadi inkişafındakı rolunun artırılması və maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verib.

Qeyd olunub ki, qanunvericilikdə aparılan dəyişikliklər bələdiyyələrin qrant vəsaitləri əldə etməsi və müxtəlif layihələr həyata keçirməsi üçün yeni imkanlar yaradır.

Təlim zamanı bələdiyyələrin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə layihə təkliflərinin hazırlanması, real ideyaların layihələşdirilməsi, hesabatlılıq, müsabiqə və tenderlərdə iştirak qaydaları barədə də ətraflı məlumat təqdim olunub.

Tədbirin sonunda layihə təkliflərinin hazırlanması və hesabatlılıq mövzularında qrup işləri təşkil edilib. Hər bir kiçik qrup regionda mövcud olan problemlərdən birini seçərək həmin problemin həllinə yönəlmiş layihə təklifi hazırlayıb.

Qrup təqdimatları zamanı iştirakçılar hazırladıqları layihə ideyalarını əsaslandırıb və digər qrupların suallarını cavablandırıblar. Praktiki məşğələlər onların layihələrin hazırlanması sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edib.

Qazax rayonunun bələdiyyə nümayəndələri kənd yollarının işıqlandırılması, eləcə də bir neçə kənddə uşaq bağçalarının təmiri ilə bağlı layihələrin hazırlanmasını təklif ediblər.

Müzakirələr zamanı bələdiyyələrin fəaliyyətinə mane olan əsas problemlər də müəyyənləşdirilib. İştirakçıların irad və təklifləri ümumiləşdirilərkən aşağıdakı məsələlər önə çıxıb:

– əvvəlki bələdiyyələrin fəaliyyət dövründən qalan Dövlət Sosial Müdafiə Fonduna borclar və həmin borclara hesablanan faizlərin davamlı artması;

– kənd əhalisinin, xüsusilə aztəminatlı ailələrin əmlak vergisini ödəmək imkanlarının məhdud olması;

– vergi daxilolmalarının azlığı səbəbindən bələdiyyə büdcələrinin formalaşdırılmasında yaranan çətinliklər;

– borclara görə bəzi bələdiyyələrin bank hesablarının məhdudlaşdırılması və nəticədə dövlət tərəfindən ayrılan dotasiyaları ala bilməmələri;

– kəndlərdə bələdiyyə binalarının qeyri-qənaətbəxş vəziyyətdə olması və bəzi bələdiyyələrin yalnız bir otaqdan ibarət şəraitdə fəaliyyət göstərməsi;

– sahibkarlarla bələdiyyələr arasında əməkdaşlıq münasibətlərinin zəif olması;

– bələdiyyələrin balansında olan torpaqlardan səmərəli istifadə edilməməsi.

İştirakçılar bildiriblər ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilikdə mövcud olan bəzi boşluqlar onların səlahiyyətlərindən daha səmərəli istifadə etməsinə və fəaliyyət imkanlarının genişləndirilməsinə mane olur.

Səsləndirilən məsələlərin Milli Məclis tərəfindən nəzərə alınmasının məqsədəuyğun olduğu vurğulanıb.

Tədbir zamanı foto və video çəkilişləri aparılıb, iştirakçılar üçün çay süfrəsi təşkil edilib.

Paylaş


MANŞET XƏBƏRLƏRİ