Hərbi xidmətə çağırış: Niyə əvvəl yararlı, sonra yararsız hesab edilir?


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən şikayətlər çoxalır. Əsas etirazlardan biri sağlamlıq vəziyyətinə görə hərbi xidmətə aparılmadığı halda şəxsin sonradan yenidən müayinəyə cəlb edilməsi və “yararlı” qərarı verilməsidir.

“Səfərbərlik sahəsində rüşvət və s. problemlərin qarşısını almaq məqsədilə nazirliyin tabeliyində komissiya yaradıldı. Məqsəd mövcud problemləri həll etmək olsa da, bu sistem vəziyyəti daha da ağırlaşdırdı”.

Bunu “Yeni Sabah”a hərbi jurnalist Səxavət Məmməd bildirib.

O əlavə edib: “Çağırışçılar əvvəlcə müxtəlif poliklinikalara və tibb müəssisələrinə göndərilir, müayinələrdən keçirilir, analizlər təqdim edirlər. Lakin bir dövlət tibb müəssisəsinin verdiyi tibbi rəy digər rəsmi qurum qəbul etmir. Daha sonra çağırışçı yenidən nazirliyin komissiyasından keçir və həmin komissiya əvvəlki rəydən tamamilə fərqli qərar verə bilir”.

S.Məmməd bildirib ki, dəfələrlə xidmətə yararlı hesab edilən bəzən çağırışçı hərbi hissədə yenidən müayinədən keçir və geri göndərilir:

“Dəfələrlə belə hallar olub. Həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, həm də komissiya hərbi xidmətə yararlı hesab edilən şəxsləri orduya göndərib. Lakin onlar hərbi hissədə yenidən müayinədən keçərək yararsız hesab olunublar. Bununla bağlı özümdə şikayətlərə əsasən bir neçə fakt var. Belə bir sistem dövlət qurumunun verdiyi qərara etimadı azaldır”.

S.Məmmədin sözlərinə görə, bəzən çağırışçı məhkəməyə müraciət etməyə macal tapmadan hərbi xidmətə göndərilir:

“Şəxs hərbi xidmətə yollanır, hüquqi prosesi isə vəkili davam etdirməli olur. Bu, ciddi suallar yaradır: əgər şəxs həqiqətən yararlıdırsa, niyə sonradan yararsız hesab edilir? Əgər yararsızdırsa, ümumiyyətlə, niyə hərbi xidmətə göndərilir?

Əvvəllər çağırışçı komissiyadan keçir və yekun qərar verilirdi. İndi onlara müxtəlif ünvanlar göstərilir, əlavə müayinələrdən keçmək, analizlər təqdim etmək tələb olunur. Onsuz da xəstəxanalarda növbələr mövcuddur. Bu proses həmin növbələri daha da artırır və vətəndaşlar arasında narazılıq yaradır.

Məhkəməyə müraciət isə uzun və mürəkkəb prosesdir. Digər tərəfdən, vətəndaşın özəl klinikadan aldıqları tibbi rəylər də əksər hallarda qəbul edilmir”.


MANŞET XƏBƏRLƏRİ