ABŞ Silahlı Qüvvələri İranın cənubundakı Xarq adasında lövbər salmış “Belma NI 22” neft tankerinə yenidən iki raket zərbəsi endirib.
Turkustan.az xəbər verir ki, bu barədə İranın rəsmi İRNA agentliyinə Buşəhr vilayətinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Ehsan Cahanyan məlumat verib.
Rəsminin sözlərinə görə, tanker adadakı neft ixracı terminalında lövbər salıb və hücum anında onun çənləri boş olub:
“Sözügedən gəmi iki gün əvvəl də bənzər bir hücuma məruz qalmışdı. ABŞ-nin tankeri təkrar hədəf almaqda məqsədi onun neft ixracı terminalına yanaşmasının qarşısını almaq olub. Cümə axşamı gecəsi və cümə günü səhər saatlarında Buşəhr vilayətinin bir neçə məntəqəsi, eləcə də Dəşti rayonundakı bir obyekt ABŞ-nin hava zərbələrinə məruz qalıb”.
Məlumat üçün bildirək ki, Buşəhr vilayəti mühüm strateji obyektləri, əsas nüvə elektrik stansiyasını barındırması və Fars körfəzinə yaxınlığı baxımından İran üçün həyati əhəmiyyət kəsb edir.
Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp fevralın 28-də ABŞ və İsrailin birgə qırıcı zərbələri ilə başlayan regional müharibənin rəsmən bərpa olunduğu barədə Konqresə bildiriş göndərmişdi. Rəsmi Vaşinqton İranın Hörmüz boğazında gəmilərə hücumuna cavab olaraq çərşənbə axşamı axşamından etibarən İran limanlarına qarşı dəniz blokadası elan edib. /bakivaxti.az/