Rusiya və Ukrayna arasında sülh danışıqlarının gələcəyi yenidən gündəmə gəlib. Kreml Türkiyənin vasitəçiliyi ilə yeni dialoq imkanlarının mümkün olduğunu açıqlasa da, hazırda konkret görüş planının olmadığını bildirib.
Moskvanın bu açıqlaması fonunda əsas sual ortaya çıxır: Rusiya-Ukrayna müharibəsində diplomatik danışıqlar mərhələsi yenidən canlana bilərmi, yoxsa tərəflər hələ də hərbi yolla üstünlük əldə etməyə çalışacaq?
Ekspertlər hesab edirlər ki, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Bununla belə, əvvəlki danışıqlarda mühüm rol oynayan Türkiyənin mümkün vasitəçilik təşəbbüsləri diplomatik kanalların tam bağlanmadığını göstərir.
Maraqlıdır görəsən, sülh danışıqları yenidən başlaya bilərmi? Diplomatiya, yoxsa hərbi yol üstünlük təşkil edəcək? Turkustan.az mövzu ilə bağlı sualları politoloq Züriyə Qarayevaya ünvanladı.

Züriyə Qarayeva
Hazırkı mərhələdə Ukrayna ilə Rusiya arasında dialoqu tamamilə mümkünsüz hesab etmək olmaz, lakin real və nəticəyönümlü danışıqlar üçün siyasi şərait son dərəcə əlverişsizdir. Tərəflərin əsas tələbləri bir-birinə ziddir: Kiyev əvvəlcə atəşkəs, təhlükəsizlik təminatları və ərazi bütövlüyü məsələsini önə çəkir, Moskva isə müvəqqəti atəşkəsin Ukraynaya yenidən silahlanmaq imkanı verəcəyini bildirərək daha geniş və daimi razılaşma tələb edir.
Kremlin 16 iyul 2026-cı il açıqlamasında danışıqların yaxın zamanda bərpası üçün real perspektiv görmədiyini deməsi də göstərir ki, hazırda tərəflər diplomatiyadan çox hərbi və siyasi təzyiq vasitələrinə üstünlük verirlər.
Bununla belə, diplomatik kanallar tam bağlanmayıb. Türkiyə vasitəçilik təşəbbüslərini davam etdirir, ABŞ və Avropa ölkələri isə təmas xətti boyunca atəşkəsdən sonra birbaşa Rusiya–Ukrayna dialoqunun başlanmasını dəstəkləyirlər.
Məncə, yaxın dövrdə hərtərəfli sülh sazişindən daha çox əsir mübadiləsi, enerji obyektlərinə hücumların məhdudlaşdırılması və lokal atəşkəs kimi texniki razılaşmalar mümkündür. Yəni dialoq mümkünsüz deyil, sadəcə tərəflərdən heç biri hələ güzəştə məcbur edəcək hərbi və siyasi nöqtəyə çatdığını düşünmür.
Aytən Yaşar/ Turkustan.az