Ankara sammitində kritik gündəm: NATO Ukrayna üçün nə qərar verəcək? - ŞƏRH


NATO sammiti bu gün Türkiyədə öz işinə başlayır. Alyansa üzv ölkələrin liderləri görüş çərçivəsində qlobal təhlükəsizlik çağırışlarını, müdafiə imkanlarının gücləndirilməsini və Rusiya-Ukrayna müharibəsinin yaratdığı vəziyyəti müzakirə edəcəklər.

Sammitin əsas gündəm mövzuları sırasında Ukraynaya dəstəyin davam etdirilməsi, Avropanın müdafiə potensialının artırılması, NATO-nun gələcək təhlükəsizlik strategiyası və mümkün diplomatik təşəbbüslər yer alır. Liderlərin həmçinin Rusiyanın regional fəaliyyəti və Alyansın qarşıdakı dövr üçün prioritetləri ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı sammit çərçivəsində konkret qərarların qəbul olunub-olunmayacağı hələlik məlum deyil. Bununla belə, görüşün yekunları NATO-nun Ukraynaya dəstək siyasəti və gələcək təhlükəsizlik yanaşmaları baxımından mühüm əhəmiyyət daşıyır.

NATO sammitindən hansı qərarlar gözlənilir? Ukrayna ilə bağlı yeni dəstək mexanizmlərinin açıqlanması mümkündürmü?

Turkustan.az bu sualları politoloq Oqtay Qasımova ünvanladı.

Oqtay Qasımov yenidən bələdiyyə üzvü seçildi

Oqtay Qasımov

Ankarada keçiriləcək NATO Zirvəsi ilə bağlı gözləntilər olduqca yüksəkdir. Toplantının əsas müzakirə mövzularından birinin, şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsi olacağı gözlənilir.

Xüsusilə Rusiyanın ötən gün Kiyevə həyata keçirdiyi kütləvi dron və raket hücumları, nəticədə yaranan dağıntılar və 25-dən çox mülki şəxsin həlak olması məsələnin zirvədə gündəmə gətiriləcəyini göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyanın hücumlarının qarşısının alınması üçün ölkəsinə lazım olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket tədarükünün sürətləndirilməsini istəyib. Zirvə çərçivəsində Zelenskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp ilə görüşlərinin keçirilməsi də gözlənilir. Bu görüşlərdə əsas müzakirə mövzularından birinin Ukraynaya dəstəyin davam etdirilməsi olacağı ehtimal edilir.

Hazırda Ukrayna üçün ən vacib məsələlərdən biri hava hücumundan müdafiə imkanlarının gücləndirilməsidir. Kiyev dron hücumlarına qarşı müəyyən imkanlara malik olsa da, Rusiyanın ballistik raket hücumlarının qarşısını almaqda ciddi çətinliklərlə üzləşir. Bu baxımdan müttəfiqlər tərəfindən əlavə dəstəyin göstərilməsi gündəmdə olacaq.

Zirvədə həmçinin NATO-nun əvvəlki toplantılarında qəbul edilən qərarların icrası, kollektiv müdafiə imkanlarının artırılması və üzv ölkələrin hərbi büdcələrinin yüksəldilməsi məsələləri müzakirə ediləcək. Ötən il keçirilən sammitdə NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırması ilə bağlı razılaşma əldə olunmuşdu.

Ankarada NATO tədbirləri çərçivəsində müdafiə sənayesi sərgisinin də keçirilməsi nəzərdə tutulur. Bu sərgi əvvəlki toplantılardan fərqli olaraq rəsmi tədbir formatında təşkil olunacaq və burada milyardlarla dollar dəyərində müqavilələrin imzalanacağı gözlənilir.

Ekspertlərin fikrincə, zirvədən böyük və həlledici qərarlar gözlənilməsə də, əsas diqqət əvvəlki qərarların icrası, Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqenin nümayiş etdirilməsi və mümkün bəyanatların qəbuluna yönələcək.

Bundan əlavə, Avropa ölkələrində müdafiə sənayesinin inkişafı, silah istehsalının artırılması, təhlükəsizlik sistemlərinin gücləndirilməsi və ABŞ-dan silah tədarükü məsələləri də müzakirə mövzuları sırasında olacaq.

Zirvə çərçivəsində ikitərəfli görüşlər də xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Türkiyə və ABŞ prezidentlərinin görüşü tərəflər arasında müzakirə olunacaq bir sıra mühüm məsələlərə görə diqqətlə izlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ