Misir Silahlı Qüvvələrinin Strateji Komandanlığının yeni qərargahı - "Oktaqon" kompleksi istifadəyə verilib.
Turkutan.az tvgram.ru-ya istinadən xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi məlumat verib.
O bildirib ki, yeni kompleks ordunun müasir təhdidlərə qarşı cavabvermə imkanlarını daha da gücləndirəcək.
Yeni inzibati paytaxtda yerləşən "Oktaqon" kompleksi təxminən 22 min akr ərazini əhatə edir. Burada müasir infrastruktur və kibermüdafiə sistemləri ilə təchiz olunmuş səkkiz bina inşa edilib. Misir rəhbərliyi "Oktaqon"un ABŞ-nin Pentaqonunun analoquna çevriləcəyini və ölkənin artan hərbi potensialını nümayiş etdirəcəyini gözləyir.
Kompleks həm adi şəraitdə, həm də böhran vəziyyətlərində ordunun və dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək üçün inteqrasiya olunmuş idarəetmə mərkəzi kimi layihələndirilib. Misir hakimiyyətinin məlumatına görə, qərargah çoxsəviyyəli mühafizə sistemi ilə təchiz edilib və fövqəladə hallarda da fasiləsiz fəaliyyət göstərə biləcək şəkildə inşa olunub.
"Oktaqon" qapalı hərbi şəhərcikdir və Misirin yeni inzibati paytaxtının kiçik bir hissəsini əhatə edir. Şəhərcikdə hərbçilər, zabitlər və xidmət personalının ailələri üçün ayrıca yaşayış məhəllələri də salınıb.
/Bizim.Media