Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixdə Bakıya reallaşan rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanatlar tərəflər arasındakı münasibətlərin gələcək dinamikasını müəyyən edir. Bakı-Brüssel xəttində formalaşan yeni əməkdaşlıq mexanizmlərini, nəqliyyat-logistika layihələrinə ayrılan investisiyaları və regional sülh təşəbbüslərini Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının (BQP) başqanı, Fazil Mustafa saytımıza şərh edir.
-Fazil bəy, İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfəri baş tutdu. Dövlət başçısının bu səfər çərçivəsində verdiyi bəyanatları və əldə olunan razılaşmaları necə qiymətləndirirsiniz?
-Bu səfər və ölkə rəhbərinin mətbuata bəyanatı Azərbaycanın Avropa İttifaqı (Aİ) üçün etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olduğunu bir daha təsdiqlədi. Avropa İttifaqı rəhbərliyi ilə birgə aparılan müzakirələr göstərir ki, tərəflər arasında praqmatik və rasional münasibətlər formalaşıb. Prezident öz bəyanatında açıq şəkildə bildirdi ki, Azərbaycan Avropa ilə bərabərhüquqlu, suverenliyə hörmət və qarşılıqlı faydalılıq prinsiplərinə söykənən dialoqa üstünlük verir. Ursula Fon der Lyayenin də Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi səciyyələndirməsi ölkəmizin regionda oynadığı sabitləşdirici rolun rasional şəkildə qəbul edilməsindən xəbər verir. Avropa tərəfi artıq Azərbaycanla münasibətlərdə birtərəfli tələblərin deyil, qarşılıqlı maraqların diktə etdiyi dilin daha səmərəli olduğunu qəbul edir.
-Aİ-nin regional layihələrə marağı və “Global Gateway” (“Qlobal Keçid”) təşəbbüsünü necə dəyərləndirirsiniz?
-Azərbaycan uzun müddətdir ki, regionda nəqliyyat və logistika qovşaqlarının qurulması üçün daxili investisiya imkanlarını səfərbər edir. Aİ-nin bu məqsədlə ayırmağı planlaşdırdığı vəsaitin Naxçıvan dəmir yolu xətlərinin bərpasına və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının infrastrukturunun genişləndirilməsinə yönəldilməsi nəzərdə tutulur. Bu addım həm də Bakıda regional bağlantı mövzusunda konfransın keçirilməsi təşəbbüsü ilə tamamlanır. Belə layihələr Şərqlə Qərb arasında əsas logistik marşrut olan Orta Dəhlizin fəaliyyətini daha da stimullaşdıracaq.
-Enerji əməkdaşlığında “yaşıl keçid” perspektivlərini necə görürsünüz?
-Azərbaycan artıq yalnız ənənəvi enerji resurslarının təchizatçısı deyil. Hazırda əsas prioritetlərdən biri bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsidir. Xəzər dənizinin potensialından istifadə etməklə “yaşıl enerji dəhlizi”nin yaradılması bu istiqamətdə strateji əhəmiyyət kəsb edir. Bu, həm enerji ixracının şaxələndirilməsinə, həm də iqtisadiyyatın modernləşdirilməsinə xidmət edir.
– Ermənistanla bağlı enerji əməkdaşlığı təklifinin regional təsirlərini necə qiymətləndirirsiniz?
-Azərbaycan dövləti regional məsələlərdə iqtisadi inteqrasiyanın müsbət təsirlərinə inanır. Sülhün yalnız hüquqi müstəvidə deyil, həm də qarşılıqlı iqtisadi maraqlar zəminində möhkəmlənməsi daha davamlı nəticələr verir. Bu baxımdan, Ermənistana elektrik enerjisi sahəsində əməkdaşlıq təklif olunması qonşu ölkənin logistik və iqtisadi izolyasiyadan çıxması üçün praktiki bir fürsətdir. Ölkə rəhbəri bəyanatında iki ölkə arasında normallaşma prosesinin pozitiv məcrada irəlilədiyini ifadə etdi. Əgər İrəvan kənar siyasi təsirlərdən uzaq durub regional əməkdaşlıq təkliflərini rasional dəyərləndirə bilsə, bu layihələr Cənubi Qafqazda sabitliyin təminatına çevrilə bilər.
-Aİ ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqların intensivləşdirilməsi məsələsinə də toxunuldu. Münasibətlərin gələcək modelini necə proqnozlaşdırırsınız?
-Avropa İttifaqı bu gün də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri və mühüm investisiya mənbəyidir. Yeni hərtərəfli saziş üzrə dialoqun canlandırılması ticarət əlaqələrinin hüquqi çərçivəsini daha da möhkəmləndirəcək. Mövcud xarici siyasət xətti nümayiş etdirdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə birtərəfli şərtlərin qəbul edilməsi deyil, qarşılıqlı hörmət əsasında qurulan tərəfdaşlıq formatına üstünlük verir. Brüssel də Cənubi Qafqazda uzunmüddətli sabitliyin qorunmasında Bakı ilə dialoqun səmərəliliyini anlayır.