Erməni əsirliyində yoxa çıxan ana və üç uşaq: Onlara görə 60 min istəyirdilər - FOTO


Xocalı sakini Hüseynova Mehriban Allahverdi qızının və onun üç azyaşlı övladının taleyi bu günə qədər naməlum olaraq qalır.

Turkustan.az xəbər verir ki, 1964-cü il təvəllüdlü Mehriban Hüseynova 1992-ci ildə Xocalının erməni silahlı birləşmələri tərəfindən işğalı zamanı övladları – 1987-ci il təvəllüdlü Rəcəb, 1988-ci il təvəllüdlü Səbinə və 1992-ci il təvəllüdlü Məhsələ ilə birlikdə girov götürülüb.

Mehriban Hüseynovanın atası Allahverdi Həsənovun məlumatına əsasən, Ermənistan Daxili İşlər Nazirliyi tərəfindən onun və üç övladının itkin düşmüş Sandaryan Elza ilə dəyişdirilməsi planlaşdırılıb.

Məlumata görə, Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin sabiq sədri Alik Sarumyan sonradan uşaqlardan birinin öldüyünü, Mehriban Hüseynovanın isə Şuşa həbsxanasında saxlanıldığını bildirib. İddialara əsasən, 1993-cü ildə onların azad edilməsi üçün 60 min rus rublu tələb olunsa da, sonradan bu razılaşma baş tutmayıb.

Bundan başqa, Ucar şəhərinin 28 May küçəsində yaşayan Məmmədov Mayıl ailəyə Mehriban Hüseynovanı üç övladı ilə birlikdə İrəvanda gördüyünü söyləyib. Onun sözlərinə görə, uşaqlardan biri aclıq səbəbindən həyatını itirib.

Aradan 34 ildən çox vaxt keçməsinə baxmayaraq, Mehriban Hüseynovanın və övladlarının sonrakı taleyi barədə dəqiq məlumat əldə olunmayıb. Onlar hələ də itkin düşmüş şəxslər siyahısında axtarılır. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ