Finlandiyada nüvə silahının yerləşdirilməsi ilə bağlı yeni iddialar gündəmə gəlib. Söhbət Rusiya sərhədindən təxminən 147 kilometr məsafədə yerləşən Rovaniemi aviabazasından gedir.
Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb ölkə ərazisinə nüvə silahının gətirilməsi və saxlanılmasına hüquqi imkan yaradan qanun dəyişikliklərini təsdiqləyib.
Məlumata görə, Rusiyanın Helsinkidəki səfirliyi hazırda Finlandiyada nüvə silahının yerləşdirilməsinə hazırlıq aparıldığını təsdiqləyən konkret əlamətlərin müşahidə edilmədiyini bildirib. Bununla belə, yaxın dövrdə Rovaniemi aviabazasına ABŞ istehsalı olan və B61-12 tipli nüvə bombalarını daşımaq imkanına malik F-35A qırıcılarının çatdırılması planlaşdırılır.
Eyni zamanda bildirilir ki, Helsinki Fransanın rəhbərliyi altında formalaşdırılan nüvə çəkindirmə təşəbbüsünə qoşulmaq niyyətindədir. Hazırda Norveç və Danimarka da həmin proqramın iştirakçıları sırasındadır.
NATO Rusiya ilə savaşa hazırlaşır? Rusiya-Ukrayna savaşının gedişində Finlandiya məhz buna görə hərbi-siyasi alyansa üzv qəbul olunub?

Hərbi ekspert Səxavət Məmməd hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin başladığı gündən etibarən Avropanın təhlükəsizlik xəritəsi sürətlə yenidən cızılır: "Bu dəyişikliklərin mərkəzində dayanan ən kritik ölkə isə şübhəsiz ki, Finlandiyadır. Onilliklər boyu saxladığı neytrallıq statusuna son qoyaraq NATO-ya üzv olan Helsinki, indi hərbi statusunu bir pillə də irəli aparmağa hazırlaşır. Rusiya sərhədindən cəmi 147 kilometr məsafədə yerləşən Rovaniemi aviabazasında nüvə silahlarının yerləşdirilməsi iddiaları regional gərginliyi pik həddə çatdırıb. Finlandiya Prezidenti Aleksandr Stubbun ölkə ərazisinə nüvə silahının gətirilməsi, tranziti və saxlanılmasına qanuni imkan yaradan dəyişiklikləri təsdiqləməsi sadəcə bürokratik addım deyil. Bu, Helsinkinin müdafiə doktrinasında inqilabi dönüşdür. Hər nə qədər Rusiyanın Helsinkidəki səfirliyi hazırda real nüvə hazırlığının müşahidə edilmədiyini bəyan etsə də, hərbi-texniki planlar fərqli reallıqdan xəbər verir. Yaxın dövrdə Rovaniemi aviabazasına ABŞ istehsalı olan F-35A qırıcılarının çatdırılması planlaşdırılır. Bu təyyarələrin ən mühüm xüsusiyyətlərindən biri taktiki nüvə zərbələri endirmək gücünə malik B61-12 idarəolunan bombalarını daşıya bilməsidir. Paralel olaraq, Finlandiyanın Fransa tərəfindən idarə olunan, Norveç və Danimarkanın da yer aldığı nüvə çəkindirmə proqramına qoşulmaq niyyəti, Şimali Avropanın kollektiv bir nüvə qalxanına çevrilmək istədiyini nümayiş etdirir. Hazırda baş verənlər bir sualı aktual edir: NATO Rusiya ilə müharibəyə hazırlaşır? Mövcud mənzərəni "mütləq bir müharibə planı" kimi deyil, klassik hərbi strategiyanın "strateji çəkindirmə" və ya ən pis ssenariyə hazırlıq mərhələsi kimi oxumaq daha doğru olar. NATO-nun əsas məqsədi Moskvaya "hər hansı bir alyans üzvünə hücumun cavabı nüvə müharibəsi ola bilər" mesajını verməkdir. Vaşinqtonun nüvə paylaşımı proqramı çərçivəsində Avropanın müxtəlif nöqtələrində (Almaniya, İtaliya, Belçika) onsuz da nüvə arsenalı mövcuddur. Finlandiyanın hüquqi baza yaratması sabah bu silahların Rovaniemiyə enəcəyi mənasına gəlmir. Ancaq Rusiya üçün qeyri-müəyyənlik yaradır və onu daha ehtiyatlı addım atmağa məcbur edir".
Hərbi ekspert onu da qeyd etdi ki, Finlandiyanın NATO-ya qəbul edilməsi təsadüfi bir proses deyil, Rusiya-Ukrayna müharibəsinin doğurduğu qorxuların və strateji ehtiyacların birbaşa nəticəsidir: "Eyni zamanda Finlandiya və İsveç NATO-ya bunun üçün lazım idi desək, yanılmarıq. Ukraynanın işğalı Finlandiyaya sübut etdi ki, Rusiya ilə 1340 kilometrlik sərhədi təkbaşına və bitərəf qorumaq artıq intihardır. Ölkə NATO-nun 5-ci maddəsinin təhlükəsizlik qarantiyasını seçdi. Finlandiyanın alyansa qoşulması ilə NATO-Rusiya quru sərhədi iki dəfə uzandı. Ən əsası, Baltik dənizi faktiki olaraq "NATO dənizi" statusu aldı. Bu mövqe NATO-ya Rusiyanın strateji nüvə sualtı qayıqlarının cəmləşdiyi Kola yarımadasını və şimal donanmasını birbaşa nəzarətdə saxlamaq imkanı verir. Rəsmi Moskva hazırda Finlandiya sərhədində genişmiqyaslı hərbi cəmləşmə həyata keçirmir, çünki Ukrayna cəbhəsi Rusiyanın əsas resurslarını udmaqdadır. Onu da nəzərə almaq lazımdır ki, Rusiya məhz Finlandiya sərhədi boyu yeni ordular yaratdı. Strateji perspektivdə Finlandiyanın atdığı bu addımlar regionu daimi militarizasiya zonasına çevirir. NATO Rusiya ilə birbaşa müharibə istəmir, çünki bu, yeni dünya müharibəsi deməkdir. Ancaq alyans artıq "Rusiya hər an hücum edə bilər" təfəkkürünə keçib və Finlandiyanı bu yeni müdafiə xəttinin ən kritik, həm də ən təhlükəli forpostu kimi gücləndirir. Hesab edirəm ki, NATO-nun Finlandiya istiqamətində atdığı addımlar Rusiyanın Baltikyanı ölkələrlə bağlı iddialarından sonra yarandı. Görünən odur ki, tərəflər yumşalmaq xətti seçmək yerinə, gərginliyi daha da artırır. Ona görə də, III dünya müharibəsi iddiası gündəmdə öz yerini qoruyur". /Musavat.com/