Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Xudat şəhər Heydər Əliyev adına Mədəniyyət mərkəzində maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirici tədbir Xudat şəhər Heydər Əliyev muzeyin əməkdaşlığı ilə birgə təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən və Ümümmilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna bir dəqiqəlik sayqı duruşundan sonra mədəniyyət mərkəzinin direktoru Elnarə İsgəndərova insan hüquq və azadlıqlarının təmin olunmasının, bu sahədə maarifləndirmə işinin aparılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirdi. Qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixində təsdiq etdiyi “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində sistemli fəaliyyətin əsasını qoyub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlət başçısının Sərəncamı ilə hər il 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi kənd təsərrüfatı sahəsində çalışan şəxslər arasında insan hüquqlarının təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi və ictimai məlumatlılığın artırılmasıdır.
Qonaqlardan Xaçmaz rayon Heydər Əliyev mərkəzinin direktoru Könül Əsgərova, Xudat şəhər Heydər Əliyev muzeyinin direktoru Könül Ramazanova insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, tarixi inkişaf mərhələləri, eləcə də bu sahədə qəbul olunmuş beynəlxalq və milli hüquqi sənədlər barədə ətraflı məlumat verdilər. Çıxışlar zamanı aqrar sahədə insan hüquqlarının təmin edilməsinin əhəmiyyətinə də toxunulub. Vurğulanıb ki, işəgötürən və işçilər arasında münasibətlərin əmək qanunvericiliyinə uyğun tənzimlənməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması əmək hüquqlarının təmin olunmasının əsas şərtlərindəndir.
Quba Xaçmaz Regional Mədəniyyət İdarəsinin MİHİ sədri Qərib Umudov isə “İnsan Hüquqları Aylığı” çərçivəsində həmkarlar ittifaqı təşkilatı tərəfindən keçirilən tədbirlərin vətəndaşların hüquqi savadlılığının artırılmasına və öz hüquqlarını daha yaxşı bilmələrinə töhfə verdiyini qeyd edib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırıldı, "insan hüquqları aylığına" həsr olunan video-çarx izlənildi.
Sonda qonaqlarla birgə xatirə şəkili çəkildi.




