ABŞ Prezidenti Donald Tramp İrana qarşı bu günə planlaşdırılan hava hücumlarının ləğv edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, o bildirib ki, Vaşinqton və Tehran arasında aparılan danışıqlar mühüm mərhələyə çatıb və tərəflər yekun razılaşmaya yaxınlaşıblar.
Tramp sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, ABŞ ilə İran arasında aparılan müzakirələr İran rəhbərliyinin ən yüksək səviyyəsində nəzərdən keçirilib və ilkin razılıq əldə olunub. Bu səbəbdən planlaşdırılan hərbi əməliyyatların dayandırılması qərarı verilib.
ABŞ prezidentinin sözlərinə görə, sazişin son detalları üzərində işlər davam edir. Razılaşma layihəsi ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər aidiyyəti tərəflər tərəfindən nəzərdən keçirilir.
Tramp bildirib ki, sənədlərin yekunlaşdırılması prosesi yaxın günlərdə başa çatacaq. Bundan sonra sazişin imzalanma mərasiminin keçiriləcəyi tarix və məkan açıqlanacaq. Onun sözlərinə görə, mərasim Avropada təşkil oluna bilər.
ABŞ prezidenti əlavə edib ki, yekun razılaşma imzalanana qədər İrana qarşı tətbiq olunan dəniz blokadası qüvvədə qalacaq.
Oval kabinetdə jurnalistlərin suallarını cavablandıran Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prosesdə mühüm rol oynadığını vurğulayaraq, onun səylərini yüksək qiymətləndirib.
Tramp qeyd edib ki, razılaşmanın son variantı hazırlanır və tərəflər sənədlərin tamamlanması istiqamətində intensiv iş aparırlar.
Aytən Yaşar/ Turkustan.az