Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclasında çıxışı zamanı ölkənin gündəmində olan məsələlərlə yanaşı Cümhuriyyət Xalq Partiyasında (CHP) yaşanan proseslərə də münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Ərdoğan CHP-dəki rəhbərlik və idarəetmə ilə bağlı müzakirələrin tamamilə partiyanın daxili məsələsi olduğunu vurğulayaraq, AK Partiyanın bu prosesə heç bir şəkildə müdaxilə etmədiyini qeyd edib.
Türkiyə Prezidenti CHP-yə kimin rəhbərlik etməsinin onlar üçün önəm daşımadığını bildirərək, əsas məqsədlərinin xalqa xidmət etmək və ölkənin qarşısında duran problemlərin həllinə fokuslanmaq olduğunu deyib.
CHP daxilində yaşanan müzakirələrin demokratiyaya mənfi təsir göstərməyəcəyinə ümid etdiyini ifadə edən Ərdoğan bildirib:
“Bu günə qədər həmin məsələyə heç bir şəkildə qarışmamışıq. Bundan sonra da orada olmayacağıq. Ümid edirik ki, ana müxalifət partiyası daxilində yaşanan gərginliklər və qarşıdurmalar demokratiyaya zərər verməyəcək.”
Ərdoğanın sözlərinə görə, hakimiyyətin əsas prioriteti siyasi polemikalardan uzaq duraraq Türkiyənin inkişafı və vətəndaşların rifahı istiqamətində fəaliyyət göstərməkdir.
Aytən Yaşar/ Turkustan.az