ABŞ prezidenti Donald Tramp Tulsi Qabbardın istefasından sonra boş qalan Milli Kəşfiyyat direktoru vəzifəsinə Cey Kleytonu namizəd göstərdiyini açıqladı.
Turkustan.az xəbər verir ki, Tramp sosial media platforması Truth Social-da etdiyi paylaşımda hazırda Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ prokuroru vəzifəsində çalışan Kleytonun ölkənin ən yüksək kəşfiyyat postuna namizəd göstərildiyini bildirib.
ABŞ prezidenti Senatı Kleytonun namizədliyini qısa müddətdə təsdiqləməyə çağıraraq, onun dövlət idarəçiliyi və hüquq sahəsində zəngin təcrübəyə malik olduğunu qeyd edib.
Tramp paylaşımında Cey Kleytonun daha əvvəl ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri, həmçinin nüfuzlu Sullivan & Cromwell hüquq firmasının rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyini xatırladıb və onu hüquq ictimaiyyətində yüksək nüfuza malik peşəkar kimi xarakterizə edib.
ABŞ qanunvericiliyinə əsasən, Milli Kəşfiyyat Direktoru ölkənin kəşfiyyat qurumlarının fəaliyyətini əlaqələndirən ən yüksək vəzifəli şəxs hesab olunur. Bu vəzifəyə təyinat yalnız ABŞ Senatının təsdiqindən sonra qüvvəyə minir.
Aytən Yaşar/ Turkustan.az