Ermənilərin Qarabağla bağlı növbəti oyunu – Sabiq nazir üzə çıxardı


“Bəzi erməni sosial şəbəkə istifadəçiləri və hətta analitiklər tez-tez belə bir tezisi təbliğ edirlər ki, “siz Birinci Qarabağ müharibəsində məğlub oldunuz, biz isə İkinci Qarabağ müharibəsində”. Bu, həm də revanş mövzusunda xəyallar qurmağa davam etmək üçün bir əsas və ya baza rolunu oynayır”.

Turkustan.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O, hər iki məsələ arasında böyük fərq olduğunu bildirib:

“1994-cü ildə biz yazılı saziş deyil, statusu dəqiq müəyyən edilməmiş tərəflər arasında öhdəlikləri təsbit etməyən, belə demək mümkünsə “alternat” formatında razılaşma əldə etdik. Bu, sənəd deyil, rəqiblə və ya erməni tərəfinin təqdim etmək istədiyi kimi iki rəqiblə (Ermənistan Müdafiə Nazirliyi və qondarma “DQR” Müdafiə Nazirliyi) deyil, vasitəçi ilə faktların mübadiləsi idi.

Bundan əlavə, biz atəşkəs rejiminin başladığı elan olunan anda əlimizdə olan mövqelərdə qalırdıq. Danışıqları rəqiblə deyil, Minsk Qrupu çərçivəsindən kənar vasitəçilik edən Rusiya Federasiyası ilə aparırdıq. Yeganə öhdəlik danışıqları davam etdirməyə hazır olmaq idi. Bu, atəşkəsin bağlanması üçün ilk cəhd deyildi, lakin o, uzunmüddətli xarakter aldı, çünki qarşı tərəf Gəncə istiqamətində -şimal-qərb cəbhəsində – genişmiqyaslı hücum cəhdi etdi və 1994-cü ilin mart-aprel aylarında canlı qüvvə və texnika baxımından böyük itkilərə məruz qaldı. Nəticədə, Rusiya hərbi rəhbərliyinin təkidi ilə hücum dayandırıldı…”.

Politoloq 2020-ci ildə hərbi əməliyyatların necə bitdiyini belə izah edib:

– Ermənistanın Müdafiə Nazirliyinin rəhbəri deyil, dövlət başçısı hərbi əməliyyatlar apardığı dövlətin başçısı və vasitəçiliyi həyata keçirən dövlətin (RF) başçısı ilə sənəd imzaladı;

– Müharibə edən ölkələr arasındakı şərti sərhəddən kənara özünün bütün qoşunlarını və texnikasını müəyyən edilmiş müddətdə çıxarmaq öhdəliyini qəbul etdi və yerinə yetirdi;

– Öz üzərinə hərbi-texniki xarakterli öhdəliklər götürdü və bir sıra addımları icra etdi.

Yəni, kapitulasiya etdi (təslim oldu)!

Buna görə də erməni opponentlərə hadisələrin reallığını siyasi məqsədlərlə təhrif etməyə cəhd etməyi məsləhət görmürəm. Biz hamımız bu hadisələrin şahidi olmuşuq”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ