İsrail və İran arasında son günlər yenidən alovlanan qarşılıqlı hücumlar Yaxın Şərqi yeni müharibə təhlükəsi ilə üz-üzə qoysa da, tərəflərdən gələn son açıqlamalar gərginliyin diplomatik yolla nəzarət altına alına biləcəyi ehtimalını artırıb.
ABŞ Prezidenti Donald Trampın "atəşi dərhal dayandırın" çağırışından sonra həm Təl-Əviv, həm də Tehran hücumları dayandırmağa hazır olduqlarını bəyan edib. Bununla belə, tərəflər bir-birini yeni zərbələr endirəcəyi təqdirdə daha sərt cavabla hədələyir.
Belə bir şəraitdə əsas sual açıq qalır: region yeni və daha genişmiqyaslı qarşıdurmaya sürüklənir, yoxsa tərəflər nəhayət danışıqlar masasında razılığa gələ biləcəklər? Turkustan.az bu sualları politoloq Aydın Tağıyevə ünvanladı.

Aydın Tağıyev
İsrail–İran qarşıdurması hazırda tammiqyaslı müharibə həddinə yaxınlaşsa da, tərəflərin son anda hücumları dayandırması göstərir ki, hələlik genişmiqyaslı hərbi toqquşma qaçılmaz deyil.
ABŞ isə münaqişəyə birbaşa qoşulmaqdan çəkinir, lakin diplomatik təşəbbüslər və hərbi koordinasiya vasitəsilə prosesə dolayı təsir göstərməyə çalışır.
Son hücumlar bölgədə vəziyyətin son dərəcə gərgin olaraq qaldığını nümayiş etdirir. İran İsrailin Beyrutun cənub məhəllələrinə endirdiyi zərbələrə cavab olaraq Tel-Əviv və ölkənin şimal bölgələrini raket atəşinə tutub. İsrail isə Tehranda və digər şəhərlərdə yerləşən hərbi obyektlərə zərbələr endirib. Qarşılıqlı hücumların davam etməsi münaqişənin daha da dərinləşməsi riskini artırır.
Bu qarşıdurma artıq qlobal xarakter alma potensialına malikdir. Məsələ təkcə İran və İsrail arasındakı mübarizə ilə məhdudlaşmır. Livandakı Hizbullah hərəkatı, Yəməndəki husilər və Hörmüz boğazı ətrafında mümkün gərginlik qlobal enerji bazarına və beynəlxalq təhlükəsizliyə ciddi təsir göstərə bilər.
Hesab edirəm ki, İsrail–İran qarşıdurması tammiqyaslı müharibəyə çevrilmək potensialını qoruyub saxlayır. Lakin hazırkı mərhələdə tərəflər daha çox hərbi təzyiq və diplomatik manevrlərlə üstünlük qazanmağa çalışırlar. ABŞ isə birbaşa iştirakdan yayınaraq vasitəçi və koordinasiyaçı rolunu davam etdirir. Əgər Livan cəbhəsində və Hörmüz boğazı ətrafında gərginlik artarsa, münaqişənin regional müharibəyə çevrilməsi ehtimalı da yüksələcək.
Aytən Yaşar/ Turkustan.az