Əhalinin NƏZƏRİNƏ: İnternetin qiyməti bahalaşacaq - SƏBƏB BUDUR


Azərbaycanda internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və sürətinin artırılması istiqamətində aparılan işlər abonentlər üçün daha sürətli və dayanıqlı əlaqə vəd etsə də, bunun maliyyə tərəfi də müzakirə mövzusuna çevrilib. Mütəxəssislər hesab edirlər ki, telekommunikasiya infrastrukturuna yatırılan investisiyalar və artan xərclər gələcəkdə tarif siyasətinə təsir göstərə bilər. Bəs internet sürətinin artırılması tariflərin bahalaşmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, xidmət keyfiyyətinin artırılması istiqamətində addımlar atılarsa, tariflərdə müəyyən dəyişikliklərin baş verməsi qaçılmazdır.

Devalvasiya ilə bağlı MÜHÜM PROQNOZ | KONKRET

Onun sözlərinə görə, artan xərclər fonunda tariflərin də paralel şəkildə yüksəlməsi iqtisadi baxımdan normal hesab oluna bilər:

“Xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün əlavə investisiyalar və xərclər tələb olunur. Bu halda tariflərdə də dəyişiklik baş verməsi mümkündür. Lakin hesab edirəm ki, belə qərarlar qəbul olunarkən vətəndaşlara şəffaf şəkildə hesabat təqdim edilməlidir. Gəlir və xərclərin bölgüsü barədə ictimaiyyət məlumatlandırılmalı, abonentlər ödədikləri vəsaitin hansı istiqamətlərə yönəldiyini və bunun müqabilində hansı keyfiyyət göstəricilərinin əldə ediləcəyini bilməlidirlər”.

Ekspert hesab edir ki, mümkün qiymət artımları bütün istifadəçilərə eyni qaydada tətbiq edilməməlidir. Onun fikrincə, tarif siyasəti istifadəçi kateqoriyalarına uyğun diferensial şəkildə qurulmalıdır.

“Fiziki və hüquqi şəxslər üçün fərqli tarif mexanizmləri tətbiq oluna bilər. İş yerlərinin xərcləri daha yüksəkdir, onlar eyni zamanda vergi ödəyicisidirlər və məşğulluğun təmin olunmasına töhfə verirlər. Buna görə də bu kateqoriyalara münasibətdə daha həssas yanaşma sərgilənəcək. Digər tərəfdən, əgər şəxs həssas təbəqəyə aid olmayan, tələbə və ya fiziki məhdudiyyətli vətəndaş statusu daşımayan, internetdən istifadəsi gəlir əldə etməyə xidmət etməyən kateqoriyaya daxildirsə, qiymət artımının əsas yükü məhz onun üzərinə düşə bilər”, – deyə Günay Hüseynova vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ