Ekspert dairələri Bakıda həbsdə olan Ruben Vardanyanın Donbasda separatizmin maliyyələşdirilməsi ilə bağlı fəaliyyətinin tam araşdırılması üçün Ukraynaya təhvil verilməsi ehtimalını getdikcə daha çox müzakirə edirlər. Bu barədə ayna.az yazıb. Və hadisələrin maraqlı tərəfi də elə buradadır.
Əgər Azərbaycan Vardanyanı Ukraynaya ekstradisiya etmək qərarına gələrsə, bir çox Avropa parlamentarisi, insan haqları fəalları və Qərb mediası özləri olduqca çətin vəziyyətə düşəcəklər. Çünki Ukraynanın müharibəni maliyyələşdirməkdə ittiham etdiyi bir şəxsi müdafiə etmək sadəcə ikili standartlardan daha artıqdır. Bu, açıq-aşkar siyasi intihardır.
Vardanyan 2022-ci ilin oktyabr ayında Rusiya təcavüzünü maliyyələşdirməkdə və Donbasdakı separatçı qrupları dəstəkləməkdə şübhəli bilinərək “Myrotvorets” məlumat bazasına əlavə edilib və Ukrayna sanksiyaları altına düşüb.
OCCRP (Troyka Laundromat) tərəfindən aparılan araşdırmalar nəticəsində onun bankı olan “Troyka Dialoq” vasitəsilə təxminən 4,6 milyard dolların necə yuyulduğu, o cümlədən müstəntiqlərin fikrincə, bu vəsaitlərin Rusiyapərəst qüvvələrə dəstək də daxil olmaqla, şübhəli əməliyyatlar üçün istifadə edilə biləcəyi aşkarlanıb.
Əgər Vardanyan Ukraynaya təhvil verilərsə, Qərb "insan haqları müdafiəçiləri" on minlərlə insanın həyatına son qoyan müharibəni maliyyələşdirməkdə şübhəli bilinən bir şəxsi niyə bu qədər şiddətlə müdafiə etdiklərini izah etməli olacaqlar.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a Vardanyanın Kiyevə təhvil verilməsini nonsens adlandırıb.
Hüquqşünasın sözlərinə görə, o, Azərbaycan ərazisində cinayətkar fəaliyyəti ilə əlaqədar mühakimə olunub: "Düzdür, 2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə Vardanyan Ukraynanın sanksiya siyahılarına daxil edilib. Amma ona qarşı cinayət işinin başlandığı haqda məlumata rast gəlinməyib. Təbii ki, əgər Vardanyan Ukraynaya təhvil verilsə, orada da Donbas separatçılarına görə həbs olunacaq. Amma Kiyevin Bakıdan belə bir istəyini eşitməmişəm. Ona görə Vardanyanın yeri Azərbaycan həbsxanasıdır".
Hüquq müdafiəçisi xatırladıb ki, 2023-cü ildə Ukrayna Təhlükəsizlik Xidməti onu "rus-faşist işğalçılarının və terrorçuların əlaltısı" xarakteristikası ilə "Mirotvorets" saytının məlumat bazasına daxil edib: “Hətta 2024-cü ildə Ukrayna parlamentinin 18 deputatı Vardanyanın adının Nobel Sülh Mükafatına namizədlər siyahısından çıxarılması tələbi ilə kollektiv məktub imzalayıb. Ancaq bu cinayətkar elə həm də Ukraynadakı əməllərinin cəzasını Bakıda çəkir.
Məncə, Kiyev də bu qərardan məmnundur. Vardanyanın Ukraynaya verilməsinə gəlincə, buna ehtiyac yoxdur”.
Ç.Qənizadə hesab edir ki, Vardanyana heç bir yer qəbul etmək istəmir: " "Mirotvorets" saytında da belə yazılıb - dərhal həbs edilməli və Ukraynanın və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir. Ermənistanda da onu arzulamırlar. Rusiya vətəndaşlığından isə imtina edib. Yəni onun üçün indi ən təhlükəsiz yer elə Azərbaycan həbsxanasıdır. Çünki əməllərinə görə istənilən yerdə cəza gözləyir. Ümumiyyətlə, Vardanyan terrorçuluğa və separatçılığa dəstəyi ilə dünyada tanınır. Odur ki, Azərbaycanda layiqli cəzasını çəkir".
Xatırladaq ki, Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib.