Qazaxın 4 kəndinə tezliklə qayıdış olacaq - deputat


2024-cü il may ayının 24-də Qazax rayonunun 30 ildən çox işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Ermənistanla delimitasiya və demarkasiya çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Həmin kəndlərin yüksək səviyyədə bərpa olunması və əhaliyə təhvil verilməsi gözlənilir.

Modern.az saytı hazırda bu kəndlərdəki son durum və görülən işlər haqda məlumat öyrənmək üçün Qazaxın deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında o bildirib ki, Qazaxın ən gözəl kəndləri həm coğrafi mövqeyinə, həm təbiətinə, həm də emosional-psixoloji dəyərinə görə elə bu 4 kənddir.

“Qazax həm I, həm də II Qarabağ döyüşlərində qəhrəmanlıq göstərib, bir addım da geri çəkilməyib. Ancaq çox təəssüflər olsun ki, Ermənistan tərəfindən faşistlər tərəfindən zəbt olunanda bu kəndlərdə soyqırımı həyata keçirilmişdi. Körpələr diri-diri yandırılmışdı. Ağılasığmaz cinayətlər törədilmişdi. Azərbaycan xalqı yenə də öz müdrikliyini, səbrini bütün dünyaya nümayiş etdirdi”.

Deputat qeyd edib ki, bu 4 kəndin qaytarılması birbaşa Prezident siyasətinin təntənəsidir:

“Ona görə ki, güllə atılmadan, danışıqların nəticəsi əsasında erməni silahlı qüvvələri həmin kəndlərdən çıxarılıb və Azərbaycan Ordusu artıq o kəndlərdə mövqelərini gücləndirib. O hadisə baş verəndən bir neçə həftə sonra imkan yarandıqda hərbçilərimiz və rayonun rəhbərliyi ilə o kəndlərin hər birində oldum. Həmin kəndlərdə çox yüksək təhlükəli vəziyyət var idi. Çünki hər yer minalanmışdı və özündə ölüm təhlükəsi daşıyırdı. Biz çox təcrübəli hərbçilərimizin müşahidəsi ilə kəndləri gəzib baxdıq”.


MANŞET XƏBƏRLƏRİ