13 may 2026-cı il tarixində Qarabağ Universiteti, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağın izi sənətdə yaşayan dəyərlər” adlı xüsusi təqdimat mərasimi və sənət sərgisi keçirilib.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər nəticəsində Qarabağ bu gün yalnız yenidən qurulmur, eyni zamanda öz mədəni, elmi və mənəvi həyatına da qovuşur. Bu torpaqlarda keçirilən hər bir tədbir, açılan hər elm ocağı və yaşadılan hər sənət nümunəsi qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın ifadəsidir. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır və onların qəhrəmanlığı Qarabağda həyata keçirilən bütün mənəvi layihələrin əsas ilham mənbəyidir.
Tədbirdə Qarabağın görkəmli şəxsiyyətlərinin mismar və sap texnikası ilə hazırlanmış portretləri nümayiş etdirilib. Sərgidə təqdim olunan əsərlərin müəllifi istedadlı tətbiqi sənət ustası Minarə Mehdidir.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən əldə olunan bu xüsusi sənət əsərləri tədbir çərçivəsində Qarabağ Universitetinə hədiyyə olunub .
Açılış hissəsində çıxış edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Qarabağın mədəni irsinin yaşadılmasının əhəmiyyətindən danışaraq bildirib ki, sənət milli yaddaşın qorunmasında mühüm rol oynayır. O qeyd edib ki, Qarabağın dahi şəxsiyyətlərini sənətin dili ilə gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
Tədbir çərçivəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov sərgi ilə yaxından tanış olub, nümayiş etdirilən əsərlər barədə fikirlərini bölüşüb və layihənin Qarabağın mədəni irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra Qarabağ Universitetinin İncəsənət fakültəsinin proqram rəhbəri Gülşən Qasımzadə çıxış edərək bu cür layihələrin tələbələrin estetik dünyagörüşünün formalaşmasına böyük töhfə verdiyini bildirib.
Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə isə çıxışında Qarabağ mövzusunun incəsənətdə yaşadılmasının xüsusi önəmindən bəhs edib və sərgidə nümayiş etdirilən əsərlərin yüksək sənət dəyərinə malik olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri bir-birindən maraqlı musiqi nömrələri və ifalar təqdim ediblər. Qarabağ ruhunu əks etdirən musiqilər tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Gecənin ən yaddaqalan məqamlarından biri isə Qarabağ Universitetinin İncəsənət fakültəsinin Vokal kafedrasının müdiri Səbuhi İbayevin çıxışı olub. Onun emosional və yüksək peşəkarlıqla təqdim etdiyi ifa tədbir iştirakçılarını valeh edib və uzun sürən alqışlarla qarşılanıb.
Tədbirin sonunda xatirə fotoları çəkilib, qonaqlar sərgi ilə yaxından tanış olublar.
“Qarabağın izi sənətdə yaşayan dəyərlər” layihəsi Qarabağın zəngin mədəni irsinin sənət vasitəsilə yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm təşəbbüslərdən biri kimi yadda qalıb.
Tədbirin aparıcısı Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədr müavini Nilufər Lətif olub.








