Ermənistanın boğazındakı “kal armud”


Nikol Paşinyan və Robert Köçəryanın seçki mübarizəsi qladiatorların savaşına bənzəyir. Artıq rəqiblər arasında açıq müstəvidə təhdidlər eşidilməkdədir. Köçəryanın son günlərdə radikallaşması, heç şübhəsiz, həm də Rusiyadakı dairələrdən verilən mesajların və ev tapşırıqlarının məntiqi nəticəsidir.

Robert Köçəryan həbsxanada oturmalıdır – Nikol Paşinyan

Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə əməkdaşlığından ciddi şəkildə narahat olan şimal qonşumuz Paşinyana qarşı açıq şəkildə pressinq siyasətini işə salıb. Robert Köçəryanın hakimiyyətə gəlişi bir o qədər də real görünmür, xüsusən də Azərbaycan faktoru on illər ərzində azərbaycanlılara qarşı cinayətlərin başında dayananlardan birinin yenidən Ermənistan rəhbərliyini qamarlamasını mümkünsüz edir, istisna deyil ki, Rusiyada da bu reallığı qəbul edirlər. Amma milyarder Samvel Karapetyanın məhkəmə qərarı altında, ev dustaqlığında olduğunu, həmçinin onun paralel şəkildə üç ölkənin pasportunu gəzdirməsi səbəbindən yollarının kəsiləcəyini nəzərə alan Rusiyadakı müəyyən dairələr hazırda daha çox Robert Köçəryanın üzərində fokuslanırlar. Bu da heç şübhəsiz ki, Köçəryanın dilini uzadır və ona əlavə imkanlar yaradır.

Ermənistan və Avropa İttifaqı müdafiə əməkdaşlığını rəsmi şəkildə  müzakirəyə başlayıb

Amma belə görünür ki, Ermənistan baş naziri də asanlıqla revanşistlərə və onun qanına susayanlara “yem” olmaq niyyətində olmadığını göstərir, elə son açıqlamaları da bundan xəbər verir. Xüsusilə də Robert Köçəryanın həbsxanaya getməli olduğu barədə hüquq-mühafizə orqanlarına mesaj verməsi məhz onun əllərinin bağlanmasına və həbsxana divarları arasında çürüməsinə hesablanıb.

Ermənistanın baş naziri Robert Köçəryanın mütləq həbs edilməli olduğunu bəyan edərək, hüquq-mühafizə sisteminin onu hüquqi məsuliyyətə cəlb etməli olduğunu bildirib. “Mənə qarşı yönələn və cavab verməkdə ən çox çətinlik çəkdiyim əsas ittiham budur: İnsanlar soruşur ki, Robert Köçəryan niyə hələ də azadlıqdadır?”, - sözləri Köçəryanın həbsaxananın kandarında olduğunu deməyə əsas verir.

Ermənistan

Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Robert Köçəryana belə bir tale yaşatmışdı. Hətta Rusiya tərəfindən israrlı şəkildə müraciətlər edilsə də, o, Köçəryanı həbsdən azad etmədi. Bir müddət kənara çəkilən Köçəryan seçkiöncəsi xüsusi təlimata uyğun olaraq Paşinyana qarşı dirəniş göstərməyə cəhd edir. Lakin onunçün asan olmayacaq. Bu günlərdə Köçəryan tərəfdarlarına qarşı ayrı-ayrı bölgələrdə həyata keçirilən həbslər, həmçinin Şirak bölgəsində bir sıra tərəfdarlarının nəzarət altına alınması, “Ermənistan” blokundan verilən sərt reaksiyalar qarşıdakı dönəmlərdə Ermənistan üçün siyasi atmosferin kifayət qədər gərgin olacağından xəbər verir.

Belə bir situasiyada Nikol Paşinyanın özü də şübhəsiz ki, seçkinin nəticələri baxımından arxayın deyil. Ona görə gecə-gündüz çalışır, seçicilərlə görüşlər keçirir, onlar üçün çalır, oynayır... Baxmayaraq ki, bir sıra hallarda onu Qarabağ faktı ilə vurmağa cəhd göstərirlər, adına “satqın” deyirlər. Amma Paşinyan bu hücumlar zamanı da özünü itirmir və sələflərinin cinayətlərini seçicilərinə xatırlatmaq imkanları əldə edir. Necə ki, Köçəryanın zamanında ona “Robik” deyə xitab edən bir tanışını tualetdə öldürülməsi faktını xatırlatdı.

Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb

Nikol Paşinyanın üstünlüyü budur ki, o, seçki prosesinin ilk günündən birmənalı şəkildə Azərbaycanla sülh əldə etməyə yönəlik siyasət yürütdüyünü bəyan edir. Eyni zamanda Türkiyə ilə normal əlaqələr qurmaq, sərhədlərin açılmasına nail olmaq və Türkiyə kimi nəhəng bazarda Ermənistan mallarının realizəsinə nail olmağa cəhd göstərir. Bu da heç şübhəsiz ki, Rusiya tərəfindən birmənalı qarşılanmır. Hesab etmək olar ki, Rusiyadakı çevrələri qeyzləndirən əsas məsələ məhz bu gedişatdır: baxırlar ki, Ermənistan addım-addım əldən çıxır...Özü də rus sərhədçilərin qoruduğu sərhəd xəttindən, Rusiyanın gözü qarşısından Paşinyan Ermənistanı NATO ölkəsi ilə normal münasibətlərə aparır. Azərbaycanla münasibətlər normallaşacaqsa, Ermənistanı necə “forpost”luğuna qaytarmaq mümkündür? Rusiyada bu gedişatdan narahatlıq var...

Hətta son günlərə qədər Rusiyadan Ermənistanla bağlı daha təmkinli münasibət ifadə olunurdusa, daha neytral yanaşmalar müşahidə edilirdisə, artıq Ermənistanla Türkiyə arasında ticarət əlaqələrinin ikitərəfli qaydada başlanmasına icazə verilməsi və bu istiqamətdə həlledici qərarın qəbul edilməsindən sonra Kremldən Ermənistana yönəlik təhdidlər artmaqdadır.

Rusiya Dövlət Dumasının təmsilçiləri açıq şəkildə erməni xalqını üsyana çağırırlar və bu, heç şübhəsiz ki, Ermənistanın Türkiyə ilə əlaqələr qurması hesabına gələcəkdə Avropaya daha əlçatan imkanlar əldə etməsinə verilən reaksiyadır. İllər öncə Rusiya Ermənistanı “əriklə vurdu”, erməni əriyinin satışına maneə yaradıldı, daha sonra Ermənistandan aparılan güllərin qarşısı kəsildi. Yuxarı Lars məntəqəsi Ermənistan üçün “Hörmüz boğazı”na dönüb ömür boyu, kal armud kimi tıxanıb Ermənistanın boğazında. İndi Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələrini bərpa etmək, kommunikasiyaları açmaqla həmin kal armuddan xilas olmaq istəyir. Bu, təbii ki, tarixi ağalarının xoşuna gəlmir.

Gürcüstanın Yuxarı Lars sərhəd-keçid məntəqəsində beynəlxalq daşımalarla  bağlı qaydalarda dəyişiklik edilib - AZƏRTAC

Ermənistanda hər an fors-major hadisələr baş verə bilər. Paşinyan terrordan da sığortalanmayıb. Hətta Rusiya hərbi bazasının prosesdə hansısa formada iştirak edə biləcəyindən də söhbət gedir erməni cəmiyyətində. Bu mənada Nikol Paşinyan anlayır ki, nə qədər indiki halda sərbəst şəkildə prosesi idarə etsə də, bir gün çətin situasiyada üz-üzə qala bilər.

Rusiya Xarici İşlər Nazirliyinin bir sıra ölkələrin “qara siyahı”ya alınması ilə bağlı açıqlamasında Ermənistanın postsovet məkanında yeganə ölkə kimi qeyd olunması özü də heç şübhəsiz ki, Paşinyan üçün ciddi xəbərdarlıqdır. Bu, bəzi ekspertlərin fikrincə, həm də Rusiyanın öz vətəndaşlarının Ermənistandan uzaq durmasına və Ermənistanın turizmdən əldə etdiyi gəlirlərdən məhrum edilməsinə yönəlik siyasətdir. Bu, daha çox yumşaq təzyiq siyasətinə bənzəyir.

Rusiya 54 nəfəri "qara siyahı"ya saldı | Modern.az

Çünki Rusiyanın Ermənistana indiki halda daha radikal mövqedən təzyiq etməsi həm də anti-Rusiya ovqatını gücləndirə bilər. Bu da gələcəkdə Rusiyanın sürətli şəkildə Ermənistanı itirməsi ilə nəticələnə bilər, nəinki Nikol Paşinyanı başqa alternativlə əvəz etməsi ilə.

O baxımdan Rusiyadakı radikal anti-Paşinyan qüvvələri ilə yanaşı, daha təmkinli çevrələr də hesab edirlər ki, Paşinyan növbəti dəfə hakimiyyətə gəlsə belə, Ermənistanı daha yumşaq üsullarla, müxtəlif ssenarilərlə ram etmək və Paşinyana qarşı etirazları artırmaq siyasəti həyata keçirilə bilər.

Amma belə görünür ki, Robert Köçəryan, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanın və Samvel Karapetyan dinc durmaq niyyətində deyillər. Paşinyan isə Sərkisyan da daxil olmaqla, “üçbaşlı əjdaha”nın ram edilməsinin zəruriliyindən bəhs edir. Hətta 2008-ci ilin 1 mart hadisələrini, qanlı cinayətlərini Köçəryanın gözünə soxur.

image (16).jpg (410 KB)

Amma bunun qarşılığında bir dirəniş də müşahidə olunur ki, bu da heç şübhəsiz, ayrı-ayrı “5-ci kolon” təmsilçilərinin Paşinyana meydan oxumasının məntiqi nəticəsidir. O cümlədən ikinci Qarabağ müharibəsindən sonra Samvel Karapetyanla əlaqədə olan şəxslərin Paşinyana qarşı sərt çıxışları da onu narahat etməyə bilməz. Bu isə Ermənistanda hər an ciddi hadisələrin baş verə biləcəyi ehtimalını artırır. Paşinyan 2020-ci il müharibəsindən sonra Ermənistanda 17 min avtomatik silahın yoxa çıxdığını açıqlamışdı. Bu da əslində çox ciddi xəbərdarlıq idi. Yəni Paşinyana qarşı hər an “5-ci kolon”un silahlı etirazı və ya üsyanı baş verə bilər.

Bu mənada Nikol Paşinyan nəyin bahasına olursa-olsun, hətta 28 mayda hərbi təlimlər keçirməklə, əlində sülh bayrağı olsa da, eyni zamanda hərbi parad və silah nümayişləri ilə Ermənistan xalqının təsəvvüründə “real Ermənistan”ın sabit, təhlükəsiz və hətta güclü orduya malik ölkə olduğunu nümayiş etdirməyə çalışır. Bununla da gələcək seçkilərdə qələbəsini təmin etməyə cəhd göstərir. İndidən bunun mümkün olub-olmayacağını demək çətindir. Amma mümkünsüz də deyil. Nikol Paşinyana Avropa İttifaqından verilən dəstəyi də unutmaq olmaz. Onu risklərdən qoruyan həm də bu qüvvələrdir...Paşinyan həm də özünün boğazında qalan Köçəryan kimi “kal armud”lardan xilas olmalıdır...

Elşad Paşasoy, Musavat.com


MANŞET XƏBƏRLƏRİ