Marko Rubio bildirib ki, Çin ABŞ üçün həm ən böyük geosiyasi çağırış, həm də idarə olunmalı ən vacib münasibətlərdən biridir.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi saytında yayımlanan məlumata görə, Rubio bu fikirləri Donald Trumpla birlikdə Çinə səfər etməzdən əvvəl Fox News telekanalına verdiyi müsahibədə səsləndirib.
Rubio Çini ABŞ-ın “ən böyük geosiyasi rəqibi” hesab edib-etmədiyi ilə bağlı suala belə cavab verib:
“Bu, həm bizim ən böyük geosiyasi çağırışımız, həm də idarə etməli olduğumuz ən vacib münasibətdir. Çin böyük və güclü dövlətdir və inkişafını davam etdirəcək.”
ABŞ dövlət katibi Vaşinqton və Pekinin maraqlarının müəyyən məqamlarda toqquşa biləcəyini vurğulayaraq bildirib:
“Müharibələrin qarşısını almaq, dünyada sülh və sabitliyi qorumaq üçün bu münasibətləri düzgün idarə etməliyik.”
Rubio əlavə edib ki, ABŞ Çinlə bəzi sahələrdə əməkdaşlığı davam etdirmək niyyətindədir, lakin Vaşinqtonun ticarət baxımından heç bir ölkədən, xüsusilə də Çindən asılı olmaması vacibdir.
Aytən Yaşar/ Turkustan.az