Rusiyada qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində təxminən 6 min xarici vətəndaşın ölkədən çıxarılması barədə qərar qəbul edilib.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün “Telegram” kanalında məlumat yayıb.
Onun məlumatına görə, mart ayında keçirilmiş reydlərin nəticələrinə əsasən, təxminən min cinayət işi başlanıb, həmçinin axtarışda olan 138 nəfər müəyyən edilib. Bundan əlavə, 7,7 min xarici vətəndaşın Rusiyaya girişinə qadağa qoyulması barədə qərar qəbul olunub.
Bildirilir ki, ümumilikdə 48 minə yaxın inzibati hüquqpozma faktı qeydə alınıb, 26 mindən çox miqrant məsuliyyətə cəlb olunub.
Miqrant axınında əsas artımın İrandan olacağı gözlənilirdi. Bu prosesin Rusiyadan başlaması ehtimalı nə dərəcədə realdır?
İqtisadçı Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Rusiyada, ümumiyyətlə, miqrasiya siyasəti sərtləşdirilir:
“Yaxın 5 ildir ki, bu sərtləşməni görürük və azərbaycanlılar da zaman-zaman Rusiyada müəyyən problemlərlə rastlaşırlar. Söhbət İrandan gedirsə, burada bir çox təxminlər var idi ki, İran müharibəsi qonşu ölkələrə böyük qaçqın axınına səbəb olacaq.
Amma bu baş vermədi və baş verəcəyini də düşünmürəm. Bu məsələ bir az fərqli məsələdir. Əgər İranda daxili çəkişmələr və ya vətəndaş müharibəsi olarsa, bu reallaşa bilər və bu da heç bir qonşu ölkənin istədiyi bir şey deyil.
İranda baş verən müharibənin də yavaş-yavaş söndüyünü görürük və yaxın zamanlarda müəyyən anlaşmalar ola bilər”.
İqtisadçı qeyd edir ki, Azərbaycanın öz miqrasiya siyasəti var və miqrantların Azərbaycana qəbulu ilə bağlı müəyyən prosedur qaydaları mövcuddur. Bu qaydalar Azərbaycanı böyük miqrant axınından qorumağa kifayət edir.