Vətəndaşların mənzil almaq imkanları getdikcə azalır – Rəsmi hesabat


Ötən il 2024-cü ilin sonu ilə müqayisədə mənzil qiymətləri 12,2%, sərəncamda qalan gəlirlər isə 7,6% artıb.

Turkustan.az xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın açıqladığı “Maliyyə Sabitliyi – 2025” adlı hesabatda yer alıb.

Açıqlanan məlumatdan belə görünür ki, mənzil qiymətlərinin artımı əhalinin sərəncamda qalan gəlirlərinin artım tempini 4,6 faiz bəndi üstələyib.

Müqayisə üçün bildirək ki, 2024-cü ildə bu göstərici 4 faiz bəndi olub. Belə ki, 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ildə mənzil qiymətləri 9,9%, sərəncamda qalan gəlirlərin artım tempi isə 5,9% olub.

Açıqlanan bu statistika onu göstərir ki, əgər artım tempi növbəti illərdə də bu cür davam edərsə, insanlar üçün ev almaq daha da çətinləşəcək. Çünki mənzil qiymətlərinin artım tempinin sərəncamda qalan gəlirlərin artım tempini üstələməsi vətəndaşların ev alma imkanlarını azaldır.

Məsələn, 2023-cü ildə bir evin qiyməti 100 000 manat idisə, 2024-cü ildə bu evin qiyməti 109 900 manat, 2025-ci ildə isə 123 308 manat olub.

Paralel olaraq, 2023-cü ildə bir vətəndaşın əlində ayın sonunda 1 000 manat qalırdısa, 2024-cü ildə bu məbləğ 1 059 manat, 2025-ci ildə isə 1 139,5 manat olub. Yəni, vətəndaşın əlində qalan vəsait artsa da, ev qiymətləri daha sürətlə artır.

2023-cü ildəki mənzil qiymətlərinə və gəlirlərə görə vətəndaşın ev almaq üçün 100 ay pul yığması lazım gəlirdisə, 2024-cü ildə bu müddət 104 aya, 2025-ci ildə isə 108 aya çatır.

Onu da qeyd edək ki, Mərkəzi Bankın açıqladığı “Maliyyə Sabitliyi – 2025” adlı hesabatda vətəndaşların ipoteka krediti ilə ev almaq imkanlarının mövcud olduğu da vurğulanıb. Hesabatda qeyd olunur ki, mənzil bazarında qiymət artımına baxmayaraq, əhalinin sərəncamda qalan gəlirləri ipoteka kreditləşməsinə imkan verir.


MANŞET XƏBƏRLƏRİ