Uqanda Silahlı Qüvvələrin komandanı və Prezident Yoveri Museveninin oğlu general Muhoozi Kainerugaba Türkiyə ilə bağlı kəskin və təhqiramiz bəyanatlarını geri götürərək, paylaşımını silib.
Turkustan.az xəbər verir ki, general Kainerugaba sosial media hesabında əvvəlki sərt ritorikasından imtina edərək, Türkiyəyə qarşı mülayim mesaj yayımlayıb. O, paylaşımında bildirib:
"Mən Türkiyədəki 86 milyon qardaş və bacımı sevirəm. Təhqirlərin mənim üçün əhəmiyyəti yoxdur. Biz Uqandadan türk xalqına sevgimizi göndəririk".
Muhoozi Kainerugaba qısa müddət sonra sildiyi həmin paylaşımlarda Türkiyəyə qarşı ağır ittihamlar irəli sürmüş və ultimatum vermişdi. General Türkiyənin Somalidəki fəaliyyətindən narazılıq edərək, Ankara qarşısında 1 milyard dollar təzminat tələbi qoymuşdu. O, Türkiyəyə 30 gün vaxt vermiş və bu müddətdə "problemlər həll olunmasa", bütün diplomatik münasibətləri kəsəcəyini, səfirliyi bağlayacağını bəyan etmişdi. Təhdidlərin bir hissəsi də Türkiyə Hava Yollarının Uqandaya uçuşlarının bloklanması ilə bağlı idi. Generalın silinən paylaşımları arasında Türkiyənin "ən gözəl qadını" ilə evlənmək istəyi kimi diplomatik etikaya sığmayan ifadələr də yer almışdı./“Yeni Sabah”