İnsan yaddaşını necə gücləndirmək olar?


İnsan yaddaşı gündəlik həyatımızda ən vacib qabiliyyətlərdən biridir. Amma çox adam şikayət edir ki, “tez unuduram” və ya “heç nə yadımdan çıxmır”. Əslində yaddaşı gücləndirmək mümkündür, sadəcə düzgün vərdişlər formalaşdırmaq lazımdır.
Psixoloq Vüsalə Rüstəm bu mövzuda Turkustan.az saytına açıqlama verib. Onun sözlərinə görə yuxu rejiminə ciddi əməl etməklə yaddaşı gücləndirmək mümkündür: “Yuxu rejimi çox önəmlidir. Yuxu zamanı beynimiz gün ərzində öyrəndiklərimizi yaddaşa yerləşdirir və möhkəmləndirir. Kifayət qədər yatmayan insanlarda unutqanlıq daha çox olur. İkinci vacib faktor diqqətdir. İnsan bir məlumatı diqqətsiz şəkildə öyrənirsə, beyin onu yaddaşa düzgün yerləşdirə bilmir. Ona görə oxuyanda və öyrənəndə telefon və digər yayındırıcı hərəkətlərdən uzaq durmaq lazımdır”.
Psixoloq insanın öyrəndiklərini vaxtaşırı təkrar etməsinin vacib olduğunu bildirib: “Bir məlumatı bir dəfə yox, müəyyən fasilələrlə təkrarlamaq onu uzunmüddətli yaddaşa çevirir. Bundan başqa, sağlam qidalanma, ən əsası isə beyin üçün faydalı qidalar da yaddaşı gücləndirir. Məsələn, omega-3 yağ turşuları və vitaminlərlə zəngin qidalar beynin fəaliyyətinə müsbət təsir göstərir”.
“Güclü yaddaş möcüzə deyil, düzgün həyat tərzi, diqqət və təkrarlarla inkişaf etdirilə bilən bir bacarıqdır”, - Vüsalə Rüstəm belə deyib.


MANŞET XƏBƏRLƏRİ