“Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi ilə Qazaxıstanın Psixoloji və Sosial Dəstək İnstitutu arasında beynəlxalq əməkdaşlıq çərçivəsində 1 aylıq “Psixoloqlar üçün Psixiatriya Kursu”na start verilib.
Kursun ilk təlim günü 20 fevral tarixində onlayn formatda Zoom platforması üzərindən təşkil olunub. Tədbirin açılış mərasimində Milli Məclisin deputatı, Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov çıxış edərək Azərbaycan dövlətinin psixi sağlamlıq və vətəndaş cəmiyyəti sahəsində həyata keçirdiyi işlər barədə məlumat verib, təşəbbüsü yüksək qiymətləndirərək iştirakçılara uğurlar arzulayıb.
Daha sonra Qazaxıstan Respublikasından professorlar Marat Asimov və Fatima Baqiyarova çıxış edərək Qazaxıstanda psixi sağlamlıq və psixologiya sahəsində aparılan islahatlardan bəhs ediblər. Eyni zamanda, hazırda üzərində çalışdıqları və yeni yanaşma kimi təqdim etdikləri “Self Kopinq Psixologiyası” metodu barədə ətraflı məlumat veriblər.
Təlim nəzəri və praktik hissələrdən ibarət olmaqla dinamik və interaktiv formatda təşkil edilib. 80-ə yaxın müəssisəni təmsil edən psixoloqlar depressiyanın elmi izahı, diaqnostik meyarlar və müxtəlif təsnifat sistemləri ilə tanış olublar. Praktik mərhələdə iştirakçılar kiçik qruplara bölünərək real keyslər üzərində müzakirələr aparıb, klinik yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsi həyata keçiriblər.
Layihənin əsas məqsədi psixoloqların psixiatriya sahəsində bilik və bacarıqlarını artırmaq, elmi əsaslı diaqnostika və müdaxilə mexanizmləri ilə tanışlığını genişləndirmək, həmçinin Azərbaycan–Qazaxıstan arasında peşəkar əməkdaşlığı möhkəmləndirməkdir.
“Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi layihənin həyata keçirilməsində göstərdiyi texniki dəstəyə görə Azərbaycan Milli QHT Forumuna təşəkkürünü bildirir.
