İran prezidenti Masud Pezeshkian xarici güclərin ölkəni təslim olmağa məcbur etməyə çalışdıqlarını, lakin İranın təzyiq və çətinliklər qarşısında boyun əyməyəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi Islamic Republic News Agency-nın (IRNA) məlumatına görə, Pezeşkian Tehranda Paralimpiya medalçılarının şərəfinə keçirilən mərasimdə çıxış edərək milli birlik, həmrəylik və dözümlülüyün vacibliyini vurğulayıb.
İdmançılara müraciət edən prezident ölkənin müxtəlif təzyiqlər və çətinliklərlə üzləşdiyini qeyd edərək deyib: “Dünya qorxaq və zalımcasına bizi təslim olmağa məcbur etməyə çalışır. Amma bilin ki, siz çətinliklərə boyun əymədiyiniz kimi, biz də boyun əyməyəcəyik. Bizə qarşı yaradılan bütün çətinliklərə və cəmiyyətdə açılan yaralara baxmayaraq, bu yaraları sağaltmalıyıq.”
Pezeşkian sosial həmrəyliyin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, millət vahid bir bədən kimi hərəkət etməlidir.
Prezident əlavə edib: “Biz tək bir millətik və bir bədən kimi bir araya gəlməliyik. Bütün bu çətinliklərə qarşı birlikdə dayanmalı, fikir ayrılıqlarımızı və problemlərimizi kənara qoymalıyıq. Yalnız birlikdə olarsaq, bu yaraları sağalda bilərik.”
Aytən Yaşar/ Turkustan.az