Paşinyan üçün vacib mərhələ: 4 ay sonra da İrəvanda sülh gündəmi olacaq?


“Azərbaycanın tələbi dəyişməz olaraq qalır. Bakı yekun sülh sənədinin imzalanması üçün İrəvandan tələb edir ki, öz qanunvericilik bazasında dəyişiklik etsin. Ermənistan tərəfi bəyan edib ki, mart ayında yeni konstitusiyanın layihəsi müzakirəyə çıxarılacaq”.

Bu sözləri “Yeni Sabah”a politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Ermənistanda keçiriləcək parlament seçkilərində Nikol Paşinyan qalib gəlsə, Əsas Qanun üzrə referendum da ola bilər:

“İyun ayında seçkilər keçiriləcək və bu seçkilərin nəticələri gələcək sülh prosesi ilə bağlı məsələlərə ciddi şəkildə təsir edəcək. Əgər erməni cəmiyyəti Paşinyana və sülh tərəfdarlarına səs verəcəksə, təxminən bir neçə ay sonra Ermənistanda referendum da keçirilə bilər. Bu referendumda ermənilər konstitusiya dəyişikliklərinə səs verərsə, Azərbaycan vaxt itirmədən sülh müqaviləsini imzalaya bilər. Seçkilərdə revanşist qüvvələrin qələbəsi halında isə sülh müqaviləsinin imzalanması uzunmüddətli təxirə salına bilər”.

Siyasi şərhçi vurğulayıb ki, Paşinyanın məğlub olacağı ssenaridə sülhlə bağlı bir çox proses dayandırılacaq:

“Əlbəttə, Paşinyan uduzacağı təqdirdə delimitasiya-demarkasiya prosesinə də ciddi zərbə olacaq. İlk növbədə, iki cəmiyyət arasında etimad mühitinin yaranması ilə bağlı atılan addımlarda durğunluq yaranacaq. Kommunikasiyaların açılması da təxirə salına bilər. Əslində, bu nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına uyğundur”.

O.Qasımov qeyd edib ki, Ermənistan müxalifəti rəngarəng olsa da, sistemli birlik yarada bilməyib:

“İki cinah mövcuddur: hakimiyyət və onu devirmək istəyən qüvvələr. Müxalif qüvvələr bir mərkəzdə tam təmərküzləşməyib. Moskvanın adamı sayılan oliqarx Samvel Karapetiyanın öz qrupu var. Koçaryan və Sarkisyanın da seçkiyə qatılması istisna deyil. Lakin onların Paşinyanla rəqabət aparmaq imkanları çox aşağıdır.

Doğrudur, Ermənistan müxalifətində kifayət qədər maddi resursu olan qüvvələr var. Rusiya prosesə müdaxilə etmək, Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq istəyir.

Seçkiyə 4 aya yaxın vaxt qalır. Paşinyanın qələbə şansı digərlərindən daha çoxdur. O yenə parlamentdə yerlərin üçdəikisinə sahib olmaqla, birpartiyalı hökumət qura bilər”.


MANŞET XƏBƏRLƏRİ